EN

"Restoranlar çox qazanc əldə eləmək üçün bu salatları toydan toya ötürürlər" - Qida eksperti

Ötən həftələrdə Qubada səkkiz nəfərin qonaqlıq zamanı paytaxt salatından zəhərləndikləri ehtimal olunur.

Ümumiyyətlə, paytaxt salatı hazırlayarkən nələrə diqqət etmək lazımdır?

Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, paytaxt salatı ən riskli məhsullardan biridir:

"Dadlı məhsul təhlükəsiz məhsul demək deyil. Qonaqlıqlarda, şadlıq saraylarında bahalı süfrə açmaq olur, amma təhlükəsiz süfrə açmağı heç kim fərqinə varmır. Məsələ bahalı süfrə açmaqda deyil, məsələ qida baxımından təhlükəsiz süfrə açmaqdadır. Əgər bu salatlar otaq temperaturunda günlərlə, saatlarla saxlanılırsa, bu artıq təhlükə mənbəyidir, zəhərlənmə qaçılmazdır.

Əsas məsələlərdən biri restoranlarda olan şərait, paytaxt salatının nə vaxt hazırlanması, hansı şəraitdə saxlanılması və sairdir. Onun tərkibinə bəzən toyuq əti, bəzən kolbasa, bəzən ət vururlar – həmin o məhsullar necə saxlanılıb? Və yaxud bunu hazırlayan insanların özünün şəxsi gigiyenası hansı səviyyədədir? Biz artıq iş işdən keçəndən sonra həyacan təbili çalırıq. Bu kimi hallar olana qədər biz artıq bunların qabaqlayıcı tədbirlərini almalıyıq".

Müsahibimiz vurğuladı ki, biz həmin salatın steril şəraitdə hazırlanmasını, uyğun temperatur göstəricilərini təmin eləməli, salatı otaq temperaturunda saxlamamalıyıq:

"Toydan toya məhsul ötürməməliyik. Bu əsas məsələdir. Restoranlar maya dəyərini aşağı salmaq, çox qazanc əldə eləmək üçün bəzən bu tip riskli qidaları toydan toya ötürürlər. Salatı streçləyib saxlamaqla təhlükənin qarşısını almaq olmur. Nəzərə alsaq ki, həmin yığılan salatlar zaldan yığılıb, zalda isə artıq otaq temperaturu var. O salatlar yenidən yığılıb süfrəyə verildikdə soyuq qida zənciri qırılır".

Aytəkin TOFİQQIZI

Chosen
96
1
redaktor.az

2Sources