EN

"Yığılan rüşvət Vasif Talıbovun göstərişi ilə Seymur Talıbova verilib"



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun başa çatan məhkəməsində bir sıra maraqlı məqamlar üzə çıxıb.

aia.az "Teleqraf"a istinadən xəbər verir ki, 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilən polkovnik-leytenantın ümumilikdə 223 nəfərdən 505 730 manat rüşvət aldığı müəyyənləşib.

Maraqlıdır ki, Həsən Məmmədov məhkəmədə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun adını çəkib. O, Mirzə Cəlilovun tapşırığına uyğun olaraq, üçillik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3 000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılar üçün hərbi biletin verilməsindən ötrü 5 000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1 800 manat məbləğində rüşvət alınaraq xidmət rəisinə çatdırıldığını bildirib.

Ən maraqlı məqam odur ki, Mirzə Cəlilov da öz ifadəsində Ali Məclisin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbovun adlarını çəkib:

"Möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sabiq sədri Vasif Talıbovun göstərişi əsasında Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə vermişəm. Seymur Talıbova verdiyim 900 min manat puldan mənə 10 faiz, təxminən 80 min manat çatıb. Yeddi faiz isə rayon şöbə rəisinin idi".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi Mirzə Cəlilov da Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Həsən Məmmədov 2018-2023-cü illərdə, Mirzə Cəlilov isə 2024-cü ilədək vəzifədə olublar.

aia.az



Chosen
15
26
aia.az

10Sources