EN

Bakıdakı bu teatr dünyada yeganədir - REPORTAJ

Paytaxtın mərkəzində qeyri-adi bir mədəniyyət ocağı fəaliyyət göstərir - Bakı Balacalar Teatrıdır. Adını ilk dəfə eşidəndə mən də təəccüblənmişdim.

Reportaj üçün fərqli yerlər axtaranda Azərbaycanda belə bir teatrın olduğunu öyrəndim. Teatrın rəhbəri Natiq Fərzəliyevlə əlaqə saxlayıb görüş üçün vaxt təyin etdik. Saat 14:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasında olmalı idim. Ünvana çatıb 4-cü mərtəbəyə qalxıram.

“Yeni Sabah” Bakı Balacalar Teatrından reportajı təqdim edir:

Dəhlizin sonunda Natiq bəy bizi qarşılayır. Əvvəlcə qrim otağında bir az söhbətləşirik. O əsnada aktyorlar səhnədə məşq edir. Baxmaq istəmədim. Düşündüm ki, hamı ilə birlikdə səhnədə seyr etmək daha maraqlı olar.

Fürsətdən istifadə edib, Natiq Fərzəliyevə suallar ünvanlayıram.

Qapılar üzlərinə bağlı olan insanlar

- Natiq bəy, necə oldu ki, belə bir teatr yaratmaq qərarına gəldiniz?

- Uşaqlıqdan bu yana çox çətinliklər çəkmişəm. Hər zaman komplekslərlə yaşamışam və depressiyada olmuşam. Sonra oxuyub ali təhsil aldım və başa düşdüm ki, cəmiyyətə inteqrasiya olmaq lazımdır. Zamanla da gördüm ki, çəkilişlərdə bizim kimi adamlardan istifadə olunur. Baxdıqca düşündüm ki, onlar mənim çəkdiyim çətinlikləri yaşamasınlar. Həm də bilirdim ki, nə qədər ali təhsilli olsalar belə onları heç kəs peşəkar teatrlara qəbul etməyəcək. Ona görə də belə bir yer yaratmaq qərarına gəldim.

- Teatrda rol alanlar ali təhsilidir yoxsa kənarda görüb seçdiyiniz sadə adamlardır?

- Bəli, aktrisamızın ali təhsili var. Aktrisalıq təhsili alıb. Lakin təhsili olmayanların da oxumasına şərait yaratmağı düşünürəm. Düzü, hələlik belə bir imkanımız yoxdur... Bir sözlə, çoxu təhsilsizdir.

Maddi imkanımız zəifdir, pula ehtiyacımız var

- Bəs bu təşəbbüsünüz necə qarşılandı? Adətən deyirik ki, cəmiyyətin bütün üzvləri bərabərdir. Bu gün hər kəs ayrıseçkiliyə qarşı çıxır. Belə etməklə özünüzü cəmiyyətdən ayırmırsız ki?

- Yox. Ayrıseçkilik olduğunu düşünmürəm. Əksinə, hər kəs çox maraqla qarşılayır. Özünüz də görəcəksiniz. Dünyada belə bir şey yoxdur. Ona görə də rəğbətlə qarşılanır. İstədim ki, sırf teatr kimi fəaliyyət göstərmək xəyalımı gerçəkləşdirdim. Təbii ki, təklif alsalar, seriallarda da çəkilə bilərlər.

- Teatrınızın ayrıca binası olacaqmı?

- Hələlik bu barədə düşünməmişəm. Lakin bir ay ərzində xeyli iş görə bilmişik. Hər kəsdən dəstək alırıq. Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bizimlə görüşdü. Heydər Əliyev Fondunun dəstəyini görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də videoçarx çəkib göndərmişik. Güman ki, maliyə dəstəyi də alacağıq. Hazırda əsasən buna ehtiyacımız var. Maliyə dəstəyimiz olmalıdır ki, aktyorların da maaşını ödəyə bilək. Əsas məqsədlərimdən biri də teatrımızın festivallarda iştirakını təmin etməkdir. Yəqin o məsələlərin içərisində yer söhbəti də olacaq. Sağ olsun Azərbaycan Teatrlar İttifaqının sədri Hacı İsmayılov bizə dəstək oldu. Hələ ki, qapılar üzümüzə açıqdır.

- Bəs maliyə məsələlərini hazırda necə qarşılayırsınız?

- Hazırda “İticket.az”la müqaviləmiz var. Bilet satışını onlar həyata keçirir. Hələlik reklam tərəfini özüm həll edirəm. Sosial medialarda paylaşımlar edirik. Bir sözlə, hər şeyi hələlik bilet satışı ilə həyata keçiririk.

Söhbətimizi yekunlaşdırdıqdan sonra aktyorlar məşqini bitirib qrim otağına gəldilər. Həyəcanlı və sevincli idilər.

“Bir gecənin nağılı” pyesi səhnələşdirilir

Tamaşanın başlama vaxtı yaxınlaşdıqca izləyicilər də dəhlizdə toplaşıb salona keçməyi gözləyirdilər. Sözün açığı bu qədər sıxlıq olacağını gözləmirdim. Görünür doğrudan da maraq çox imiş. Saat 3-ə qədər hər kəs öz yerində əyləşib tamaşanın başlamasını gözləyir. Gələnlər arasında aktyorlar, aktrisalar, sadə vətəndaşlar və uşaqlar da var.

Tamaşa başlamadan öncə teatrın qurucusu Natiq Fərzəliyev çıxış edərək gələn qonaqları salamlayır və aktyorlara uğurlar arzulayır...

Quruluşçu rejissoru Vidadi Həsənovun olduğu, Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesi səhnələşdirilir...

İşıqlar sönür... Tamaşa Xalq artisti Miri Yusifin “Qubernator bağı” ifası ilə başlayır.

O... Qəlbim badə, sevgim şərab

Mən bu gün sərxoşam, mən sərxoşam canımla

Tək oturmuşam Qubernator bağında

Bu şəhərdə tənhayam, tənhalar parkında...

Göy guruldayır, şimşək çaxır, yağış yağır...

İfanın sədaları altında əsas rolun ifaçısı Ülviyyə Qarayeva səhnəyə çıxır. O asta addımlarla parkda gəzməyə başlayır. Sonra skamyada oturub dərin xəyallara dalır. Elə bu dəm bir cavan oğlan (Pərviz Teymurov) parka gəlib babasının heykəlinin üstünə gül qoyur. Yoluna davam etmək istəyəndə qız onu saxlayır. Bir az söhbətləşdikdən sonra oğlanın alim olduğu və çoxlu kitablar oxuduğu məlum olur. Qızın isə nişanlanmaq istəmədiyi üçün evdən qaçdığını öyrənirik. Amma xanım əsl sevgi axtarışındadır. Düşünür ki, aşiq olsa, həmin anda göy guruldayacaq, şimşək çaxacaq...

Oğlanla biri-birlərini tanıdıqdan sonra sevgili olmaq qərarına gəlirlər. Lakin qız görür ki, onun düşündüyü kimi şimşək çaxmır, göy guruldamır. Ona görə də, çıxıb getmək qərarına gəlir. Düşünür ki, əsl sevgisi o deyil. Lakin sonda göy də guruldayır, şimşək də çaxır və qız sevinərək geri qayıdır. Beləcə iki gəncin bütün çətinliklərə rəğmən birlikdə olmağı bacardıqlarına şahid oluruq.

Əslində tamaşaçının içində insanlara ünvanlanan xeyli sayda sosial mesajlar var idi. Məsələn, insanların öz şəxsi həyatları haqqında qərar verə bilməməsi, çoxumuzun valideynlərdən asılılığı, kitab oxumağın faydaları və s.

O yağışın nuruna çox tamaşaçılar islanacaq

Diqqətimi çəkən əsas məqam isə tamaşaya qatılan yumorla bağlı idi. Zaldan gələn gülüş səsləri insana çox xoş gəlirdi. Həm öyrənib, həm də əylənirdik. Tamaşaçının sıxılmağa heç fürsəti də olmurdu.

Arada oxunan musiqi ifaları da tamaşaya ayrıca rəng qatırdı. İki nəfərin səhnədə ortaya qoyduğu iş doğrudan da maraqlı idi.

Tamaşanın sonunda alqış sədaları bütün zalı bürüdü. Sonluq izləyicilərin fikir mübadiləsi ilə keçdi.

Əməkdar artist Azad Şükürov da izləyicilərin arasında idi. O da öz fikirlərini belə ifadə etdi:

“Bu, dünyada yeganə tetardır. Natiqi təbrik edirəm. Göyü guruldatdı, yağışı yağdırdı. O yağışın nuruna çox tamaşaçılar islanacaq. Biz də Azərbaycan Teatr Xadimləri İttifaqı olaraq nə köməklik olsa, göstərəcəyik. İnanıram ki, Balacaların tamaşalarına böyük səhnələrdə baxacağıq”.

“Yaponlar da sənin boydadır...”

Tamaşaçılardan biri balacaboylar əvəzinə bəstəboylar fikrini səsləndirir. Həmin fikir də maraqla qaşılanır və Natiq Fərzəliyevə tetarın adını dəyişməyi təklif edirlər. Bu dəm Azad Şükürov yenidən dillənərək bildirir ki, bəstəboylar maraqlı sözdür:

“Özünə balaca demə, elə yaponlar sənin boydadır...”.

Hər kəs aktyor və aktrisaları təbrik edib zalı tərk edir. Mən də kollektivlə şəkil çəkdirib yavaş-yavaş uzaqlaşıram... Təəssüratlarım gözəldir, ümid edirəm ki, bir gün böyük səhnələrdə də onları görəcəyik...

Bəzən ən böyük səhnələr də elə ən kiçik addımlarla başlayır…

Binadan çıxanda hava bir az da gözəlləşmişdi. Küçədə yenə əl-ələ gəzən cütlüklər, əllərində gül dəstələri ilə harasa tələsən adamlar var idi. Amma mənim üçün həmin günün ən böyük sevgisi səhnədə yaşanan idi. Şimşək çaxdı-çaxmadı, göy guruldadı-guruldamadı fərq etməz. 

Əsas odur ki, o səhnədə iki insan öz hekayəsini heç nədən çəkinmədən danışdı.

Bəlkə də sevgi elə budur kiminsə səsini eşitmək, kiminsə varlığını qəbul etmək, kiminsə xəyalına inanmaq.

Mən artıq bilirəm ki, o qaynayan şəhərin bir tərəfində balaca səhnədə böyük ürəklər döyünür.

Bəzən ən böyük səhnələr də elə ən kiçik addımlarla başlayır…

Aydan Hacı 

Fotolar müəllifindir


Telegram kanalımız
Chosen
75
yenisabah.az

1Sources