Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların barəsində 2 il azadlıqdan məhrum etmə cəzası 6 aya endirilib. 6 ay müddət fevralın 18-də bitir. Onlar azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaq.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.