EN

Bakı separatçılığın tabutuna sonuncu mismarı vurdu - TƏHLİL

Bakı Hərbi Məhkəməsi Ermənistan vətəndaşı Ruben Vardanyana 20 il həbs cəzası verdi

Vardanyan uzun müddət beynəlxalq mediada xeyriyyəçi və biznesmen kimi təqdim olunsa da, onun Qarabağa gəlişi humanitar addım deyildi. O, bölgədə özünü "dövlət naziri" kimi təqdim edən qanunsuz rejimin rəhbərliyində təmsil olunurdu. Bununla da faktiki olaraq Azərbaycanın konstitusiya quruluşuna qarşı fəaliyyət göstərmiş strukturun ön cəbhəsində yer aldı.

Vardanyan sıravi məmur deyildi. O, böyük maliyyə resurslarına və beynəlxalq əlaqələrə malik fiqur idi. Onun Qarabağa köçməsi bir çox ekspertlər tərəfindən regionda yeni siyasi konfiqurasiya yaratmaq cəhdi kimi qiymətləndirilirdi. 

Bundan əlavə, separatçı rejimin bayrağı fonunda çəkilən fotolar və siyasi bəyanatlar artıq fərdi simpatiya deyil, açıq siyasi mövqe idi. Bu, Bakının interpretasiyasında işğalın və qeyri-qanuni idarəçiliyin legitimləşdirilməsi cəhdi kimi qiymətləndirildi. 

Ona görə də Vardanyan sonda Azərbaycanın ədalətindən qaça bilmədi...

Russia's Vladimir Putin's Wallet: Who Is Ruben Vardanyan? - Analysis -  i24NEWS

30 ilə yaxın davam edən işğal dövründə formalaşmış ictimai ədalət gözləntisi konkret məhkəmə qərarları ilə cavablandırıldı. 

Onun həbsi ilə separatizmə son nöqtə qoyuldu, işğalçılıq cəhdlərinin tabutuna sonuncu mismar vuruldu. Çünki Qarabağda fəaliyyət göstərmiş qanunsuz strukturun keçmiş rəhbərləri üçün hüquqi məsuliyyət qaçılmaz idi. Bu, həm də daxili auditoriyaya yönəlmiş siyasi jestdir. 

Bu qərar eyni zamanda regional güclərə mesajdır: Qarabağ məsələsi artıq Azərbaycanın daxili hüquqi işi kimi təqdim olunur və kənar siyasi təsir cəhdləri qəbul edilməyəcək.

Politico Reveals How Azerbaijan Is Conducting Counter-Propaganda Directed  Abroad Against Ruben Vardanyan

Rəsmi Bakı göstərdi ki, xarici himayəyə arxayınlıq işləmir. Vardanyanın Rusiya ilə sıx əlaqələrinin olması Moskvanın adamını toxunulmaz etmədi.

Həbs qərarından sonra bəzi Qərb dairələri və insan haqları təşkilatlarının prosesi "siyasi motivli" kimi təqdim etməyə çalışa biləcəyi istisna edilmir. Lakin bu məsələ də ötən həftələrdə ən yüksək səviyyədə həll edildi. 

İrəvan Bakıda həbsdə olan ermənilərə görə son çarə kimi ABŞ vitse-prezidenti Ceyms Devid Vensi qabağa vermişdi. O, Prezident İlham Əliyevlə görüşdə bu məsələyə toxunub. Azərbaycanın isə cavabı qəti olub. 

Bu barədə İlham Əliyev fevralın 13-də Münxendə "France 24" telekanalına müsahibəsində bildirdi: "Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam".

"Bu olmasa, sülh sazişi imzalanmayacaq" - Prezident

Prezident müxbirin əvflə bağlı sualına isə birmənalı cavab verdi. Bəli, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər və onların əfvi mümkün deyil!

Ruben Vardanyana 20 illik həbs cəzası verilməsi regionda uzunmüddətli sabitliyin təmin olunması ilə yanaşı, ədalət, barış və beynəlxalq hüquq balansı məsələlərini də gündəmdə saxlayacaq.

2023-cü ilin əvvəlində Vardanyanın "dövlət naziri" kimi BBC-yə müsahibəsini xatırlayıram. O, bir sıra sərsəm bəyanatlarla yanaşı, oğlunun da qondarma rejimin tabeliyində hərbi xidmət keçdiyini açıqlamışdı. 

O zaman Vardanyana jurnalist Stiven Sakur belə bir sual vermişdi: "Düşünürəm ki, keçmişinizə və bu gün niyə Qarabağda olduğunuza nəzər salmaq vacibdir. Siz çox varlı bir insansınız, Vladimir Putinin yüksəlişi ilə üst-üstə düşən Moskvadakı biznes karyeranız sayəsində ən azı bir milyard dollar qazanmısınız. Bundan aydın olur ki, siz ikiniz kifayət qədər yaxınsınız. Niyə keçən il Putinin xüsusi icazəsi tələb edən Rusiya vətəndaşlığından imtina etmək, Rusiyanı tərk etmək və Qarabağda yaşamaq qərarına gəldiniz? Niyə belə etdiniz?"

Düzdür, Vardanyan həmin suala cavab verə bilmədi. Amma jurnalistin sualı dəqiq və yerində idi. Vardanyan, o qədər pul nəyinə yetmirdi? Sənin başqasının torpağında sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, eləcə də terrorçuluğu maliyyələşdirməyə nə məcbur edirdi? Bəlkə, Moskva? Bəlkə, Kəlbəcər qızılı? Bəlkə, Qarabağdakı mədənlərdə talançılıq etmək istəyi? Nəticə etibarı ilə bu istəklərin hamısı, necə deyərlər, cəhənnəmə getdi!

Son söz çıxışında Vardanyan Azərbaycan klassiklərini oxuduğunu demişdi. İndi Vardanyanın bunun üçün hələ 20 il də rahat vaxtı var...

Ağarza Elçinoğlu

Chosen
41
1
unikal.az

2Sources