Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
İclasda çıxış edən Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Suraxanı Rayon İcra Hakimiyyətindən “Yeni Sabah”a bildirilib ki, məsələ ilə bağlı əlavə şərh yoxdur:
“Suraxanı Rayon İcra Hakimiyyəti olaraq, bu məsələyə hər hansı şərhimiz yoxdur. Görüləcək tədbirlərlə bağlı lazımi cavabı icra başçısı Adil Əliyev müşavirə zamanı verib”.
Qeyd edək ki, Adil Əliyev 8 iyul 2024-cü ildə dövlət başçısının müvafiq sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Nazim Hacıyev
Telegram kanalımız