
Deputat Soltan Məmmədov bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən enerji siyasəti ölkənin dayanıqlı inkişafı və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Onun sözlərinə görə, son illərdə uğurlu enerji siyasətinin nəticəsi olaraq ölkənin enerji generasiya gücü əhəmiyyətli dərəcədə artıb.
“Müasir elektrik stansiyalarının tikintisi, mövcud infrastrukturun modernləşdirilməsi və bərpa olunan enerji mənbələrinə yatırımlar Azərbaycanı enerji təminatında etibarlı ölkəyə çevirir. Bu tədbirlər həmçinin regionda Azərbaycanın strateji enerji mərkəzi kimi mövqeyini möhkəmləndirir və gələcək nəsillər üçün dayanıqlı enerji təminatını təmin edir,” – deyə S. Məmmədov qeyd edib.
Deputat həmçinin vurğulayıb ki, Azərbaycan dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkəyə iri həcmli investisiyalar gətirir, strateji layihələri maliyyələşdirir və iqtisadiyyatın dayanıqlığını gücləndirir.
“Sərmayələr və strateji layihələr ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir. Eyni zamanda Azərbaycan dünya ölkələri ilə mövcud əlaqələri daha da inkişaf etdirir və yeni əməkdaşlıq əlaqələri qurur. Bütün bunlar möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və unikal xarici siyasətin nəticəsidir,” – deyə millət vəkili əlavə edib.