EN

İtaliya parlamenti GCAP proqramı üçün təxminən 9 milyard avroluq planı təsdiqlədi

İtaliya parlamenti Böyük Britaniya və Yaponiya ilə birgə həyata keçirilən 6-cı nəsil qırıcı təyyarə proqramı üçün təxminən 8.8 milyard avroluq maliyyələşdirmə planını təsdiqləyib.

“Poliqon” “Reuters”ə istinadən xəbər verir ki, bu layihə müdafiə sahəsində əsas proqramlardan biri sayılır və onun gözlənilən xərcləri ilkin hesablamalarla müqayisədə üç dəfədən çox artıb.

“Global Combat Air Programme” (GCAP) 2022-ci ilin dekabrında İtaliya, Böyük Britaniya və Yaponiya tərəfindən 2035-ci ilə qədər yeni nəsil qırıcı təyyarənin hazırlanması məqsədilə başladılıb. Proqram pilotlu və pilotsuz platformaların, sensorların və məlumat şəbəkələrinin inteqrasiyasını nəzərdə tutur.

İtaliya parlamentinin müdafiə komitəsi hökumətin GCAP-ın ilkin mərhələləri üçün 2037-ci ilə qədər xərclənmək şərti ilə 8.77 milyard avro ayırmaq təklifini təsdiqləyib.

Sənədə əsasən, İtaliya GCAP-ın ilkin mərhələ xərclərinin 18.6 milyard avroya çatacağını gözləyir. Bu rəqəm proqramın ilk dəfə planlaşdırıldığı 2021-ci ildəki təxminən 6 milyard avroluq qiymətləndirmə ilə müqayisədə xeyli yüksəkdir.

Sənəddə bildirilir ki, proqnozlaşdırılan xərclər texnologiyanın yetkinləşdirilməsi, sınaqlar, inkişaf və dizayn xərclərinin artması nəzərə alınaraq zamanla yenilənib.

GCAP Böyük Britaniyanın “BAE Systems”, İtaliyanın “Leonardo” və Yaponiya “Japan Aircraft Industrial Enhancement” şirkətləri tərəfindən yaradılmış birgə müəssisə tərəfindən hazırlanır. Bu birlik “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən dəstəklənir.

İtaliyanın bu təsdiqi rəqib “Future Combat Air System” proqramının sənaye ziddiyyətləri və gələcəyi ilə bağlı siyasi qərarların yaxınlaşdığı bir dövrdə verilib.

Dekabr ayında İtaliya Almaniya və Avstraliyanın GCAP-a qoşulmaqda maraqlı ola biləcəyini bildirib. İtaliya mətbuatının məlumatına görə, Baş nazir Giorgia Meloni və Almaniya kansleri Fridrix Merts bu məsələni ötən ay Romada keçirilən sammitdə müzakirə ediblər.

İtaliyanın xarici işlər naziri Antonio Tajani isə çərşənbə günü proqramın genişlənməsi ehtimalına açıq olduğunu bildirib.

“Əgər qoşulmaq istəyən başqa ölkələr varsa, mən şəxsən buna qarşı deyiləm”, — deyə o, açıqlamasında qeyd edib.

Chosen
33
poliqon.az

1Sources