EN

Sülh prosesi ilə fərdi cinayət məsuliyyəti məsələsini qarışdırmaq olmaz - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Müharibə dövründə və ondan əvvəl Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş, insanların qətlində, terror aktlarında və separatçılıq fəaliyyətində iştirak etmiş şəxslərlə bağlı bu suallar vaxtında səsləndirilmədi. Əksinə, bu gün müəyyən maraqlı dairələr həmin şəxsləri müdafiə etməyə çalışır və məsələni siyasiləşdirirlər”.

Bunu Hafta.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına verdiyi müsahibədə erməni əsilli təqsirləndirilən şəxslərin əfvi ilə bağlı suallara münasibətini şərh edərkən bildirib.

R.Hüseynov qeyd edib ki, söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz silahlı və separatçı fəaliyyətə rəhbərlik etmiş, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozmaqda, mülki əhaliyə, o cümlədən qadın və uşaqlara qarşı ağır cinayətlər törətməkdə ittiham olunan şəxslərdən gedir. Onun sözlərinə görə, bu fəaliyyət nəticəsində Azərbaycan cəmiyyəti ciddi itkilər və faciələrlə üzləşib və həmin faktlar beynəlxalq ictimaiyyətə də məlumdur.

Ekspert vurğulayıb ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu qələbə dövlətin qətiyyətini və milli birliyini nümayiş etdirib. Lakin hərbi-siyasi uğur hüquqi məsuliyyət məsələsini arxa plana keçirmir:

“Bu şəxslərin azadlığa buraxılması məsələsi heç bir halda xarici dövlətlərin tələbi, siyasi təzyiq və ya informasiya kampaniyası ilə həll oluna bilməz. Bu, yalnız Azərbaycanın dövlət maraqları və qüvvədə olan qanunvericiliyi çərçivəsində qərar verilə bilən məsələdir. Dövlət öz vətəndaşlarına qarşı törədilmiş cinayətləri unutmur və unutmayacaq”.

Onun fikrincə, sülh prosesi ilə fərdi cinayət məsuliyyəti məsələsini qarışdırmaq düzgün yanaşma deyil. Sülh sazişi dövlətlər arasında münasibətlərin normallaşdırılmasına xidmət edən siyasi-hüquqi mexanizmdir. Lakin konkret cinayətlər törətməkdə ittiham olunan şəxslər siyasi tərəf deyil, fərdi qaydada hüquqi məsuliyyət daşıyan subyektlərdir və onların məsələsi məhkəmə-hüquq müstəvisində həll olunmalıdır.

R.Hüseynov əlavə edib ki, Azərbaycana qarşı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin bir hissəsi hələ də məsuliyyətə cəlb olunmayıb və dövlət bu istiqamətdə mövcud hüquqi mexanizmlərdən istifadə etməyə davam edəcək. Onun sözlərinə görə, ədalət prinsipi təmin olunmadan davamlı və etibarlı sülhdən danışmaq çətindir:

“Revanshist və düşmənçilik ritorikasını təşviq edən, Azərbaycan cəmiyyətində ağrılı xatirələrlə assosiasiya olunan şəxslərin azadlığa buraxılması nə hüquqi, nə də mənəvi baxımdan əsaslandırıla bilər. Bir daha vurğulayıram: bu kimi məsələlər yalnız Azərbaycanın dövlətçilik maraqları çərçivəsində həll olunacaq. Heç bir kənar təsir və ya təzyiq bu prinsipial mövqeyi dəyişə bilməz. Regionda davamlı sülhün təmin olunması üçün ilk növbədə ədalət prinsipi təmin edilməlidir. Ədalət olmadan dayanıqlı sülh mümkün deyil. Azərbaycan bundan sonra da milli maraqlarına uyğun siyasətini davam etdirəcək”.

Tahirə Qafarlı

Chosen
92
hafta.az

1Sources