EN

Lider fərqi qorudu, “zirzəmi”də dəyişiklik yoxdur

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasında XX tur başa çatıb. Lider “Sabah” “Qəbələ”ni, ikinci “Qarabağ” isə “İmişli”ni çətinliklə məğlub edib. “Neftçi” ardıcıl üçüncü qələbəsini qazanıb, “Zirə” və “Araz-Naxçıvan” da turu üç xalla başa vurub.

İmişli – Qarabağ 0:1

Qubada baş tutan oyundan sonra əsas müzakirə mövzusu meydançanın durumu ilə bağlı oldu. Nəticə, oyundakı “qırmızı”lar kənarda qaldı, Qurban Qurbanovun Quba stadionu haqda tənqidi fikirləri gündəmə çevrilib və hələ də müzakirə olunur. Hər bir halda, önəmli olan nəticədir və “Qarabağ” aktivinə üç xal yazdırmaqla lideri izləməyə davam edir.

“İmişli” üçünsə məğlubiyyət gözlənilən idi. Uzun müddətdir, qələbə qazana bilməyən komandanın enişi davam edir. Artıq autsayderlər zonası ilə arada ciddi fərq qalmayıb. “İmişli” artıq xallar qazanmağa başlamalıdır. Əks halda, “zirzəmi” təhlükəsi ciddi hiss ediləcək.

Zirə – Karvan-Yevlax 1:0

Avrokuboklara vəsiqə mübarizəsi aparan “Zirə” ardıcıl ikinci oyunda qələbəyə sevindi. Çətin “Sumqayıt” səfərindən əzmkar qələbə ilə dönən “qartallar” autsayder qarşısında büdrəmədi. Minimal hesablı qələbəyə sevinən “Zirə” avrokubok yarışında əsas iddiaçı olduğunu göstərdi.

Autsayder “Karvan-Yevlax” isə itirməkdə davam edir. “Qəbələ” və “Kəpəz”in turu xalsız başa vurması komanda adına yeganə müsbət sayıla biləcək məqamdır.

Kəpəz – Neftçi 1:3

Yuri Vernidubun “Neftçi”si ardıcıl üçüncü qələbəsini qazanaraq avrokubok yarışına yenidən qoşuldu. Mövsümə uğursuz start verən “ağ-qaralar” ukraynalının gəlişindən sonra yüksəlişdədir. Oyun planında da artıran “Neftçi” ikinci dövrənin ən yaxşı forma yığan komandasıdır.

“Kəpəz” isə ilk hissədə müdafiə futboluna üstünlük verməklə xal qazanmağı düşünsə də, planlar baş tutmadı. “Neftçi” ilk hissədə vurduğu qollarla oyunun taleyini həll etdi. Hər bir halda, autsayderin də məğlub olması “Kəpəz”i nisbətən rahatlaşdıran faktor kimi nəzərə çarpdı.

Araz-Naxçıvan – Sumqayıt 1:0

“Araz-Naxçıvan” yeni baş məşqçisi Andrey Demçenkonun rəhbərliyi altında ilk qələbəsini qazandı. Penaltidən vurulan yeganə qolla aktivinə üç xalı yazdıran naxçıvanlılar əsas rəqiblərindən “kimyaçılar”la fərqin böyüməsinə əngəl oldu. Qələbəyə baxmayaraq, komandanın oyun planında ciddi çatışmazlıqlar var və gedişat yaxşı görünmür.

“Sumqayıt” isə qələbəsizlik seriyasını davam etdirir. “Zirə” ilə ardıcıl oyunlarda çox güc sərf edən “kimyaçılar” mövsümün ən zəif oyunlarından birini keçirdi.

Şamaxı – Turan Tovuz 0:0

Turun yeganə qolsuz matçı Şamaxıda oldu. Avrokuboklara vəsiqə mübarizəsi aparan “Turan Tovuz” zəif oynadığı matçda bir xalı aktivinə yazdırdı. İlk hissədə meydan sahibləri daha üstün oynadı, şanslar yaratdı. Fasilədən sonra isə oyunda balans yarandı. Hər iki komanda bu bir xala sərgilədikləri oyuna görə üzülməməlidir.

Qəbələ – Sabah 0:1

Lider son turlarda ən çox çətinlik çəkdiyi oyunu keçirdi. “Qəbələ” ilk hissədə rəqibinə demək olar, fürsət vermədi. Sürətli hücumlarla “bayquşlar”a başağrısı yaradan “qırmızı-qaralar” liderə layiqli müqavimət göstərdi. İkinci hissənin əvvəlində ani boşluqdan məharətlə istifadə edən “Sabah” bir qolla üç xalı qazanan tərəf oldu.

“Qəbələ” oyunun sonlarında hesabı bərabərləşdirsə də, daha sonra VAR-ın müdaxiləsi ilə qol ləğv olundu. Epizod müzakirəyə açıqdır və “Qəbələ” cəbhəsi qolun qaydalar çərçivəsində vurulduğunu bildirdi, “Sabah” tərəfi isə konkret inkar etmədi. Hakimlərin bu mövsüm mübahisəli qərarları kifayət qədərdir. Demək olar, geridə qalan 20 turda hər klubun lehinə və əleyhinə qərarlar verilib. İstənilən halda, matç bitib və “Sabah” üç xal qazanaraq “Qarabağ”la fərqi qoruya bildi.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
futbolpress.az

1Sources