
Kamerunun Uzaq Şimal bölgəsində Boko Haram terror qruplaşması üzvlərinin təşkil etdiyi silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 19 nəfər isə girov götürülüb.
Milli mətbuatda yer alan xəbərlərə görə, Uzaq Şimal bölgəsində yerləşən Kinzayakou, Madaick və Tchollere kəndlərində Boko Haram üzvləri mülki şəxslərə qarşı silahlı hücum həyata keçiriblər. Bölgədəki bir çox evi qarət edən və 2 nəfəri qətlə yetirən terrorçular, 2-si qadın olmaqla 19 nəfəri qaçıraraq ərazidən uzaqlaşıblar.
Qaçırılan mülki şəxslərin tapılması üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir. Boko Haram üzvləri bölgədə fidyə tələb etmək məqsədilə tez-tez insan qaçırma hallarına əl atırlar.
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri fəaliyyət göstərən qruplaşmanın 2009-cu ildən bu yana törətdiyi kütləvi zorakılıq aktlarında 20 mindən çox insan həyatını itirib.