Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Buxarest, 16 fevral, AZƏRTAC
Avropa Komissiyası Rumıniyada ədliyyə sisteminin fəaliyyəti, prokurorluq orqanlarının müstəqilliyi və hakimlərin pensiya təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır.
AZƏRTAC Rumıniya mətbuatına istinadla xəbər verir ki, Brüssel bu istiqamətdə monitorinq və qiymətləndirmə mexanizmlərini gücləndirib.
Məlumata əsasən, Avropa Komissiyası ədliyyə sisteminin institusional dayanıqlığını, prokurorların fəaliyyət mexanizmlərinin şəffaflığını və magistratların xüsusi pensiya təminatının maliyyə sabitliyini təhlil edir. Qeyd olunur ki, bu məsələlər Avropa İttifaqının hüquq dövləti prinsipləri çərçivəsində aparılan ümumi nəzarət mexanizminin tərkib hissəsidir.
Brüsselin diqqətində olan əsas məqamlardan biri hakimlərin xüsusi pensiya sistemidir. Avropa qurumları bu modelin uzunmüddətli büdcə dayanıqlığı və sosial balans baxımından qiymətləndirilməsini vacib hesab edir. Eyni zamanda, prokurorluq institutunun müstəqilliyi və qərarvermə proseslərinin institusional təminatı ilə bağlı məsələlər də gündəmdədir.
Rumıniyada hüquq ekspertləri bildirirlər ki, Avropa Komissiyası ilə dialoq aparır və hökumət ədliyyə sahəsində normativ bazanın Avropa standartlarına uyğunlaşdırılması istiqamətində islahatları davam etdirmək niyyətindədir. Bu proses həm milli hüquqi çərçivənin təkmilləşdirilməsi, həm də Avropa İttifaqı ilə münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli sayılır.
Qeyd edək ki, Brüsselin Rumıniyanın ədliyyə sistemi və hakimlərin pensiya təminatı ilə bağlı apardığı qiymətləndirmə Avropa İttifaqında hüquq dövləti mexanizmlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən ümumi siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.