EN

Qurban Qurbanovun qaldırdığı problemli məsələ şişir - AFFA və PFL-dən reaksiyalar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Quba Olimpiya İdman Kompleksinin stadionu ilə bağlı sərt etirazı müzakirə mövzusudur.

Misli Premyer Liqasının 20-ci turunda “İmişli” ilə səfər matçında qalib gəlmələrinə (1:0) baxmayaraq, Ağdam klubunun çalışdırıcısı meydançanın bərbad durumuna dair narazılığını sərt şəkildə ifadə edib. O deyib ki, oyunçularının fiziki bərpası 3-4 gün çəkəcək, bu da "Nyukasl"la qarşıdakı (18 fevral) Çempionlar Liqası oyununa təsirini göstərəcək.

Adətən, 53 yaşlı mütəxəssis həm meydanda, həm də mətbuat konfranslarında səbirli, soyuqqanlı davranışı və cavabları ilə seçilir. Bu dəfə isə əksi oldu. Görün, meydançanın durumu necə bərbad haldadırsa, hətta Qurban Qurbanov da emosiyalarını dilə gətirib, eləcə də “İmişli” klubuna irad tutub.

Bəs, bu meydançada oyunların keçirilməsinə futbol qurumları niyə razılıq verib və buna görə məsuliyyət kimin üzərinə düşür? Azərbaycan futbolunun ali qərarverici orqan AFFA-nın, yoxsa çempionatın təşkilatçısı Peşəkar Futbol Liqasının?

Yaranmış problemlə əlaqədar həm AFFA, həm də Peşəkar Futbol Liqası QOL.az saytının sorğularına cavab verib. 

AFFA məsuliyyəti PFL-in üzərinə atdı

AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov təmsilçisi olduğu qurumun adından QOL.az-a verdiyi açıqlamada bu məsələyə görə, assosiasiyanın deyil, Peşəkar Futbol Liqasının məsuliyyət daşıdığını bildirib.

O deyib: “Lisenziyalaşdırma zamanı klublar oynayacağı stadionu sifariş verir. Peşəkar Futbol Liqasının da nümayəndələri o stadiona baxış keçirib, rəy bildirirlər. Daha sonra isə onlar bizə rəsmi müraciət edirlər ki, bu stadionda oyun keçirmək olar, ya yox? Quba Olimpiya İdman Komleksinin Stadionunu “İmişli” Futbol Klubu sifariş etmişdi. Daha sonra Peşəkar Futbol Liqasının əməkdaşları orada təftiş keçirmişdilər və sonra bizə bildirmişdilər ki, bu stadionda Premyer Liqa matçı oynamaq olar. Xatırlayırsınızsa, çatışmazlıqları aradan qaldırmaq üçün müraciət əsasında Şamaxı şəhər stadionu AFFA tərəfindən 2 oyunluq “İmişli”yə verilmişdi. Daha sonra onlar Quba stadionunda oynadılar. Və bu da sırf Peşəkar Futbol Liqasının rəyindən, onların təftişindən sonra baş vermişdi.

AFFA olaraq Premyer Liqa matçının oyunlarını keçirmək üçün stadionlara baxışı və təftişi biz etmirik. Bu, Peşəkar Futbol Liqasının məsuliyyətindədir. Həmçinin Tovuz şəhər stadionu və Yevlax şəhər stadionları da bu mövsüm sırf PFL tərəfindən təftiş olunub. Müvafiq rəy əsasında onlar bizə bildirmişdilər ki, bu stadionlarda oyun keçirmək mümkündür. Yəni, biz AFFA olaraq Premyer Liqada çıxış edən heç bir klubun stadionuna rəy bildirmirik. Bu, tam olaraq PFL-in məsuliyyətindədir”.

Elxan Səmədov: "Qərar orada oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra verilib"

Məsələ ilə əlaqədar Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov QOL.az saytına bildirib ki, rəhbəri olduğu qurumun qəbul etdiyi hər bir qərarın əsasları var: "Ümumiyyətlə, “İmişli” niyə Quba OİK stadionunda oynayır” sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq  və qlobal məqamlara  toxunmaq lazımdır. 

Bildirmək istərdik ki, “İmişli” klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki “İmişli”, hətta Premyer Liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar  tam şəkildə  göstərilib. “İmişli” klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsinin səbəbi artıq ictimaiyyətə açıqlanıb. 

Prosesə yanaşma baxımından PFL eyni addımları “Karvan” klubundan da tələb edib. Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər isə stadionda Premyer Liqa standartlarına uyğunluq baxımından xeyli problemlər yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər – isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. “Karvan” stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik.   
Bu gün isə Yevlax təmsilçisi hətta “Kəpəz” klubunun da istifadəsinə imkan yaradıb dəstək olacaq bir məkana sahibdir". 

E.Səmədovun dediyinə görə, Premyer Liqanın startı ərəfəsində stadionlar ilə bağlı durum fərqli idi: "Belə ki, Qəbələ şəhər stadionundan yerli komanda ilə yanaşı “Kəpəz”, Şamaxı şəhər stadionundan yerli komanda ilə yanaşı “Karvan” klubu istifadə edirdi. “Bayıl Arena” Premyer  Liqa üçün qəbul olunmadığına, “Kapital Bank Arena”nın qazonu isə hazır olmadığına görə “İmişli” klubu Quba OİK stadionuna üz tutdu. Amma burada ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə “İmişli” 2 oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq “İmişli”yə Quba OİK-də oynamaq icazəsi verildi. 

Bəli, biz də qəbul edirik ki, hal-hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə, hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində yuxarıda sadalanan məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb. “Hazırda klubun başqa stadionda oynamaq şansları necədir” sualı isə təhlil olunmalıdır. Peşəkar Futbol Liqası öz növbəsində “İmişli”nin bu rəqibinə bu, digər rəqibinə başqa  imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir  komandaya  ortaq  şəraitin yaradılmasına çalışırıq”. /qol.az/

Chosen
31
12
moderator.az

10Sources