EN

Olimpiya prinsipləri və informasiya müharibəsi: Milan hadisəsi nəyi göstərdi?- ÖZƏL

Ötən gün Milanda keçirilən Qış Olimpiya Oyunlarında erməni fiqurlu konkisürmə cütlüyü Karina Akopova və Nikita Raxmaninin "Artsax" adlı musiqi ilə çıxışı planlaşdırılmışdı. Lakin Azərbaycan Milli Olimpiya Komitəsinin etirazından sonra Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi  proqramda musiqinin adını "Music by Ara Gevorqyan" kimi dəyişdi və "Artsax" ifadəsi çıxarıldı. Hadisə sosial şəbəkələrdə erməni seqmentində məyusluqla qarşılanıb. Azərbaycanın mövqeyi, Olimpiya Oyunlarının siyasi platforma olmadığını vurğulamaqla təxribatçı addımların qarşısını almaq olub.

Bu hadisə Azərbaycanın beynəlxalq idman arenalarında informasiya müharibəsindəki strategiyasına necə təsir edir? Beynəlxalq Olimpiya Komitəsinin neytrallıq prinsipi bu cür hallarda necə qorunmalıdır?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib: 
" Azərbaycanın istər beynəlxalq idman arenalarında, istərsə də siyasi və digər sahələrdə iştirakı və mövqeyi daim açıq və aydın olub. Bu, beynəlxalq hüquqa və təmsil olunduğu platformanın qaydalarına uyğun olaraq hərəkət etmək, digərlərinə qarşı ədalətli davranmaq və özünə qarşı da eyni şəkildə davranılmasını tələb etmək deməkdir.
Son hadisədə idman tədbirində ermənilər yenidən təxribat törətmək istədilər. Lakin Azərbaycan öz ənənəsinə sadiq qalaraq hüquqlarının beynəlxalq hüquqa uyğun şəkildə qorunmasını tələb etdi və bunu ardıcıl olaraq davam etdirəcək. Çünki Ermənistan tərəfi və erməni idmançılar idman yarışlarını sabotaj etməklə müəyyən ideoloji mesajlar formalaşdırmaq istəyirlər, bu isə həm idman qanunlarına, həm beynəlxalq idman normalarına, həm də ümumiyyətlə beynəlxalq hüquq sisteminə ziddir. Azərbaycanın vaxtında gördüyü ciddi tədbirlər bu təxribatın qarşısını almağa imkan verdi və bu, informasiya müharibəsindəki strategiyamıza uyğun həyata keçirildi.
Azərbaycan bütün platformalarda -hərbi, siyasi, iqtisadi, mədəni və idman sahələrində öz haqlarını və mövqeyini qoruyur və qorumağa davam edəcək. Bu, beynəlxalq Olimpiya Komitəsinin neytrallıq  prinsipinə, düşünmürəm ki, beynəlxalq Olimpiya Komitəsi bu sabotajı gözləyirdi. İdman siyasətdən müəyyən qədər fərqlidir və idmançılar, idman mühitinə olan insanlar bu siyasi və etnik qarşıdurmaları bəzən kifayət qədər bilmirlər. Amma bu, Olimpiya Komitəsinə haqq qazandırmır ki, bu cür hərəkətlərə yol versin. Əgər onların üzərində belə bir məsuliyyət düşürsə və ciddi tədbir görmək öhdəliyini götürüblərsə, onda bunun məsuliyyətini də ciddi şəkildə yanaşmalı və bu cür təxribatların qarşısını almalıdırlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources