EN

Prezidentin Münhen çıxışı Rusiya siyasi elitasına mesajdır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Münhendə keçirilən Təhlükəsizlik Konfransında Çin Xarici İşlər Nazirliyi ilə Ukrayna nümayəndə heyəti arasında baş tutmuş görüş son dövrlər üçün Rusiya–Ukrayna müharibəsinin gedişinə təsir göstərə biləcək nəticələr doğura bilər. Hərçənd, Çinin Rusiyadan tam şəkildə uzaqlaşacağı ehtimalı olduqca zəifdir”.

Bu fikirləri Hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov bildirib.

Ekspertin analizinə görə, Münhendə baş tutan Çin-Ukrayna görüşü formal-diplomatik xarakter daşımır və görüşün təşkilində Böyük Britaniyanın birbaşa rolu və təsiri var:

“Bir müddət əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmerin Çinə səfərinin Çin–Rusiya və Çin–İran münasibətləri kontekstində əhəmiyyət daşıdığını qeyd etmişdim. Məlumdur ki, Rusiyanın Ukraynada müharibəni davam etdirməsində Çinin iqtisadi dəstəyi mühüm rol oynayır. Eyni zamanda, Çin Rusiya-Ukrayna müharibəsinin tezliklə dayandırılmasında qəti maraqlı tərəf kimi görünmür. Müharibənin uzanması Çinə Rusiyanın ucuz xammal və enerji resurslarından daha geniş istifadə, eləcə də Moskvanın Pekindən asılılığının dərinləşməsi baxımından strateji üstünlüklər yaradır. ABŞ-da da Çin faktoru nəzərə alınaraq Rusiyanın Ukraynada tam məğlubiyyətinə münasibətdə birmənalı yanaşma müşahidə olunmur”.

V. Dadaşov qeyd edib ki, son proseslərin ardıcıllığı Rusiyaya qarşı hərbi-siyasi və informasiya-psixoloji təzyiqlərin artdığını göstərir. NATOnun baş katibi Mark Ruttenin Münhen Konfransında Rusiyanı “güclü ayı” deyil, “sürünən ilbiz” kimi xarakterizə etməsi də bu kontekstdə diqqət çəkir. Bu, Rusiyanı emosional və avantür qərarlara sövq etmək cəhdi kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, Rusiya xarici işlər naziri Sergey Lavrovun Qrenlandiya və Alyaska ilə bağlı hədələyici açıqlamaları da Moskvanın artan təzyiqlərə reaksiyası kimi dəyərləndirilir.

Ekspertin sözlərinə görə, Hindistanın Rusiyadan enerji daşıyıcılarının alınmasına məhdudiyyətlər tətbiq etməsi, Avropa İttifaqının Rusiya qazından mərhələli şəkildə imtinası, Venesuela nefti ətrafında nəzarət mexanizmlərinin gücləndirilməsi, Rusiyaya məxsus “kölgə donanma”nın fəaliyyətinin məhdudlaşdırılması, İrana yönəlik hərbi təzyiqlər, ABŞ-ın Ermənistanla hərbi və nüvə enerjisi sahəsində razılaşmaları, eləcə də Çinlə aparılan danışıqlar Rusiyanı ciddi şəkildə narahat edir və Ukrayna müharibəsinin taleyini Moskvanın ziyanına dəyişə bilər.

V.Dadaşov hesab edir ki, Britaniya–Çin yaxınlaşması, bir müddət əvvəl Fransa, Almaniya və Böyük Britaniyanın ABŞ-sız Avropanın təhlükəsizliyi istiqamətində təşəbbüsləri və nəhayət, Keir Starmerin Münhendə “Avropa NATO-su” ideyasını irəli sürməsi ABŞ-ı Avropa siyasətinə yenidən baxmağa vadar edir. Təsadüfi deyil ki, ABŞ-ın NATO-dakı səfiri Amerika hərbçilərinin Avropanı tərk etməyəcəyini bəyan edib.

Ekspertin fikrincə, Rusiya vəziyyətdən çıxış yolu kimi sərt ritorikaya, o cümlədən nüvə silahından mümkün istifadə ilə bağlı dolayı mesajlara üstünlük verir. Lakin Rusiyaya təzyiq artıq yalnız birbaşa sanksiyalarla məhdudlaşmır; Moskva ilə iqtisadi və hərbi əlaqələri olan ölkələrə də alternativlər təklif olunur və paralel təzyiq mexanizmləri tətbiq edilir.

V.Dadaşov əlavə edib ki, Rusiyanın MDB məkanında təsir vasitələrindən biri olan “rus dili” faktoru üzərindən yenidən təsir imkanlarını genişləndirmək cəhdləri də əks effekt verməkdədir. Onun sözlərinə görə, İlham Əliyevin Münhendə çıxışı zamanı Rusiyanın Ukrayna müharibəsi fonunda üç dəfə Azərbaycan səfirliyinə məqsədli hücum edilməsi barədə səsləndirdiyi fikirlər Moskvanın siyasi elitasına ünvanlanmış açıq mesaj kimi qiymətləndirilə bilər.

“Rusiya ətrafında halqa daralır və mövcud ağır vəziyyətdən çıxış artıq ölkədaxili dəyişikliklərdən asılı vəziyyətə keçir. Ya Rusiya müharibəni qeyri-şərtsiz dayandırmalıdır - bu isə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin bəyan etdiyi "qələbə" konsepsiyası ilə uzlaşmır - ya da ölkədə siyasi dəyişikliklər baş verməlidir. Görünən odur ki, ABŞ əsas güc olaraq qalır, lakin Böyük Britaniyanın işə saldığı mexanizm Rusiyanı faktiki olaraq iki seçim qarşısında qoyur”.

Tahirə Qafarlı

Chosen
46
hafta.az

1Sources