
Son günlər beynəlxalq mətbuatda “Davaro” şirkətinin hazırladığı pilotsuz uçuş aparatı (PUA) sistemlərinin digər istehsalçıların təqdim etdiyi texnologiyalar əsasında qurulduğu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Davaro LLC rəsmi açıqlamasında bildirib.
Şirkətin bəyanatında qeyd olunur ki, yayımlanan təhlillər dəqiq olmayan məlumatlara əsaslanır və məhsulların real texniki göstəricilərini əks etdirmir.
“Rəsmi şəkildə bəyan edirik ki, bu iddialar həqiqətə uyğun deyil. DAVARO məhsullarının hazırlanmasını yalnız öz texnoloji həlləri əsasında, Ermənistanın mühəndislik potensialına, toplanmış təcrübəyə və elmi-tədqiqat (R&D) imkanlarına söykənərək həyata keçirir”, – deyə açıqlamada bildirilir.
Şirkət vurğulayıb ki, hazırlanan sistemlər yüksək texnoloji həllər, müasir arxitektura və yüksək səmərəliliklə seçilir. Bildirilir ki, bu sistemlər keyfiyyət və əməliyyat imkanları baxımından bəzi əsas göstəricilər üzrə mediada adı çəkilən analoji sistemləri üstələyir.
Açıqlamaya əsasən, şirkət davamlı olaraq aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:
Texnoloji modernləşmə proqramları;
Elmi-tədqiqat və təkmilləşdirmə (R&D) işləri;
İstehsal güclərinin genişləndirilməsi və miqyasının artırılması.
Eyni zamanda qeyd olunub ki, PUA konsepsiyalarında və ya konstruktiv dizaynlarda müəyyən oxşarlıqların olması imitasiya və ya kopyalama kimi qiymətləndirilə bilməz. Bildirilib ki, aviasiya və müdafiə texnologiyaları sahəsində beynəlxalq səviyyədə effektiv hesab edilən universal mühəndis yanaşmaları və aerodinamik həllər tətbiq olunur.
Şirkət bəyan edib ki, DAVARO-nun strateji məqsədləri yalnız Ermənistan Respublikasının Silahlı Qüvvələrinin və milli təhlükəsizlik sisteminin texnoloji səviyyəsinin yüksəldilməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və yerli hərbi-sənaye potensialının inkişafına yönəlib.