EN

BDU müəllimi: “Manas” və “Kitabi-Dədə Qorqud” türk epik yaddaşının ortaq kodlarını daşıyır

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 16 fevral, Günel Alıyeva, AZƏRTAC

Ümumi etnik mənşəyə malik xalqların folklorunda çoxsaylı yaxınlıq və oxşarlıqlar müşahidə olunur. Süjet və motivlərin bənzərliyi həmin xalqların qədim tayfalarının ortaq əcdadlara və vahid folklor qaynaqlarına bağlılığı ilə izah edilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.

Dosentin sözlərinə görə, VIII əsrdə Türk xaqanlığının süqutundan sonra hakimiyyətə gələn uyğurlar qırğızları özlərinə tabe etmiş, lakin bu asılılıq uzun sürməmişdir. Qırğızların mübarizəsi nəticəsində 840-cı ildə onların başçısı Ajo özünü xan elan etmişdir. Ədəbi obraz Manasın tarixi prototipi hesab olunan Ajo 847-ci ildə həlak olmuşdur.

Məhəmməd Məmmədov qeyd edib ki, qırğız xalqının yaratdığı epik ənənədə Manas öz şücaəti və igidliyi ilə əfsanəvi qəhrəman səviyyəsinə yüksəlmişdir. Qırğızlar “Manas”ı yalnız bədii əsər kimi deyil, həm də tarixi yaddaşın ifadəsi kimi qəbul edirlər. Dünyaşöhrətli yazıçı Çingiz Aytmatovun “Manas”ı “qırğız xalqının sinonimi” adlandırması da bu münasibətin bariz nümunəsidir.

Alimin sözlərinə görə, “Manas” dastanı həcminə görə dünyanın nəzm formasında olan ən böyük folklor abidələrindən biridir. Dastanın ayrı-ayrı hissələri XIX əsrdə Ç. Vəlixanov və V. Radlov tərəfindən yazıya alınmış, daha sonra rus dilinə tərcümə edilmişdir. V.Radlov 1885-ci ildə eposu qırğız dilində rus transkripsiyası ilə nəşr etdirmişdir. Dastanın sistemli toplanması və tədqiqi isə əsasən XX əsrə təsadüf edir.

“ “Manas” xüsusi istedada malik ifaçılar – jomokçular tərəfindən söylənmişdir. Dastanı əzbər və improvizasiya ilə ifa edən bu sənətkarlar “manasçı” adlanır. Tədqiqatçılara görə, Manas haqqında ilk mənzum parçaları yaradan şəxsin Caysan Irçı olduğu ehtimal edilir. Qırğız alimi K.Dıykanov “Manas” adını “man-qas” söz birləşməsi ilə əlaqələndirərək onu “yenilməz, igid insan” kimi izah edir. Hazırda eposun 65 variantı mövcuddur. Sayakbəy Karalayev və Saqımbəy Orozbəyov variantları həcmi və süjet ardıcıllığına görə klassik sayılır”, - deyə o əlavə edib.

Məhəmməd Məmmədov bildirib ki, dastan üç əsas qoldan – Manasın, onun oğlu Semeteyin və nəvəsi Seytekin həyat və mübarizələrindən ibarətdir. Bu qollar eposun ideya-məzmun bütövlüyünü təmin edir.

Dosentin sözlərinə görə, qıpçaq mənşəli qırğızların “Manas”ı, oğuz türklərinin “Kitabi-Dədə Qorqud”u və karluq mənşəli özbəklərin “Alpamış”ı müxtəlif coğrafiyalarda formalaşsa da, ortaq türk dünyagörüşünü əks etdirən vahid kökdən qaynaqlanır.

Həmsöhbətimiz “Manas” və “Kitabi-Dədə Qorqud” dastanları arasında bir sıra paralellər olduğunu da vurğulayıb.

“Hər iki eposda övlad həsrəti çəkən ailələrin nicatı ümumi mərasim və dualarda görməsi, qeyri-adi gücə malik qəhrəmanların formalaşması, bahadırlıq motivlərinin erkən yaşlarda təzahürü diqqəti cəlb edir. Manasın kalmıklara qarşı mübarizəsi ilə Bamsı Beyrəyin quldurlarla döyüşü arasında ideya yaxınlığı mövcuddur.

Hər iki dastanda müqəddəs obrazların iştirakı da mühüm yer tutur. “Manas”da Xızırın qəhrəmana yardım vədi, “Kitabi-Dədə Qorqud”da isə Xızırın Buğacı ölümdən qurtarması eyni inanc sisteminin izlərini göstərir. Eyni zamanda, müdrik məsləhətçi obrazları – “Manas”dakı Bakay və “Dədə Qorqud”dakı Qorqud Ata – xalqın mənəvi dayağı kimi təqdim olunur”, - deyə dosent bildirib.

Burada eyni zamanda mifik motivlər baxımından da oxşarlıqlar mövcuddur. “Manas”dakı Yalqızgözlə “Dədə Qorqud”dakı Təpəgöz obrazları arasında paralellər aparılır. Hər iki obrazın təkgözlü olması və canının gözündə yerləşməsi bu bənzərliyin nümunəsidir.

Folklorşünas qeyd edib ki, qırğız yazıçısı Keneş Yusupovun nəsr formasına saldığı “Manas” dastanı 2009-cu ildə dastanın yorulmaz tədqiqatçısı, filologiya elmləri namizədi Adil Cəmil tərəfindən Azərbaycan dilinə tərcümə edilib.

Chosen
100
1
azertag.az

2Sources