Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibəsində deyib ki, dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir, yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, arxada buraxmaqda olduğumuz dünya nizamının məntiqini analiz etsək, dağılmaqda olan dünya nizamının elə “kim güclüdür, o haqlıdır” məntiqinə söykəndiyini görərik:
"Çox təəssüf ki, dünya nizamının institusional qurumları və mexanizmləri bunun qarşısını ala bilmirdi. Azərbaycan Prezidenti elə bu məsələyə toxunaraq bildirdi ki, bu məntiqlə formalaşan qeyri-funksional dünya nizamı ədalətsiz idi. Mövcud nizamın dağılması da bununla əlaqədardır ki, hüquqa, ədalətə deyil, gücə söykənən bir nizam idi".

Millət vəkilinin sözlərinə görə, yeni dünya nizamı formalaşacaqsa, artıq yeni nizam, yeni qaydalar, yeni hüquq gətirməlidir və burada güc yox, ədalət və hüquq, universal dəyərlər və hamıya bərabər olan şərtlər keçərli olmalı, təmin edilməlidir:
"Əslində Azərbaycan Prezidenti yeni dünya nizamı ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualını cavablandırarkən görmək istədiyimiz və bəşəriyyətin arzu etdiyi dünya nizamının təşkilati forması və struktur vahidlərini bir növ ifadə etmiş oldu. Burada ədalət və hüquq öndə olmalıdır. Yəni Azərbaycan Prezidenti gələcəkdə inşa edilməsi mümkün olan yeni dünya nizamının bir növ özünəməxsus arxitekturasını və daxili strukturunun necə olmasını ifadə etmiş oldu ki, əgər belə bir nizam yaranarsa, doğrudan da dünyada uzunmüddətli sülhü əldə etmək mümkün ola bilər".
Aytəkin TOFİQQIZI