EN

“İslahtlar üçün ölkədə əlverişli şərait mövcuddur” “Azərbaycan 90 cı illərin Azərbaycanı deyil...”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qüdrət Həsənquliyev: “İslahatların çox gecikdirilməsi, onun aparılmasından daha riskli olacaq”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində Prezident İlham Əliyevin Münhen və Belqrad səfərləri, Azərbaycanın xarici siyasət prioritetləri və ölkədə mümkün iqtisadi islahatlarla bağlı fikirlərini bölüşüb.

Millət vəkili bildirib ki, Azərbaycan hazırda çox aktiv xarici siyasət yürüdür. Onun sözlərinə görə, Prezident, birinci vitse-prezident və Milli Məclisin sədri çoxsaylı xarici səfərlər həyata keçirir, ikitərəfli görüşlər və müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqelərinin gücləndirilməsi istiqamətində ciddi iş aparırlar.

Q.Həsənquliyev vurğulayıb ki, hər bir səfər böyük enerji tələb edir və insan sağlamlığına təsirsiz ötüşmür: “Təyyarə ilə çox uçan insanlar bunu yaxşı bilir. Torpaqlarımız işğaldan azad edildikdən sonra tarixi qələbəmizi beynəlxalq müstəvidə möhkəmləndirmək üçün bu səfərlərə böyük ehtiyac var”.

O xatırladıb ki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan beynəlxalq aləmdə təklənmiş vəziyyətdə idi: “Təbii müttəfiqimiz olan qardaş Türkiyədən belə gözlədiyimiz dəstəyi ala bilmirdik. ABŞ işğalçı Ermənistana deyil, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmişdi”.

Deputat bildirib ki, hazırda bəzi ölkələrlə münasibətlərdə gərginlik yaşansa da, Azərbaycanın güclü müttəfiqləri, dostları və strateji tərəfdaşları var. 

Q.Həsənquliyev qeyd edib ki, Prezident Münhen Təhlükəsizlik Konfransı çərçivəsində və “France 24” telekanalına verdiyi müsahibədə Azərbaycanın həmişə ona qarşı yönələn ədalətsiz hücumlardan müdafiə olunduğunu bəyan edib.

Onun sözlərinə görə, dövlət başçısı Fransa ilə bağlı mövqeyini də açıq ifadə edib: “Fransa bizə münasibətdə ədalətsiz fəaliyyətinə son qoyacaqsa, münasibətləri bərpa etməyə hazırıq”.

Millət vəkili əlavə edib ki, bəzi təxribatçı ünsürlərə də layiq olduqları cavab verilib və bəzi dünya liderlərinin mətbuatın mövcud vəziyyəti ilə bağlı açıq demədiyi həqiqətlər səsləndirilib.

Q.Həsənquliyev bildirib ki, Prezident Ermənistanla müharibənin bitməsindən, kommunikasiya xətlərinin açılmasından, ticari və humanitar əlaqələrin qurulmasından, eyni zamanda erməni faşistlərin layiqli cəzalandırılmasından danışıb.

Deputatın sözlərinə görə, ABŞ, Fransa, Rusiya, İran, Ermənistan, Gürcüstan və bəzi Qərb ölkələri ilə münasibətlərdə zaman-zaman yaranmış gərginlik və fikir ayrılıqları həmin dövlətlərin Azərbaycana qarşı ədalətsiz davranışları ilə bağlı olub:  “Torpaqlarını işğaldan azad etmiş Azərbaycan indi ona qarşı yönələn təzyiqlər barədə açıq danışmaq gücündədir. Azərbaycan gücləndikcə ona qarşı təzyiqlər və təxribatlar da artmaqdadır. Amma dövr dəyişib. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil”.

O əlavə edib ki, səfərlər həm də iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edir. Belqradda strateji əməkdaşlıq şurasının ilk iclasının keçirildiyini bildirən millət vəkili, Serbiya ilə iqtisadi əlaqələrin daha da inkişaf etdiriləcəyini qeyd edib.

Müsahibədə ölkədə mümkün iqtisadi islahatlar məsələsinə də toxunan Q.Həsənquliyev bildirib ki, çox yaxın zamanda olmasa da, sosial və geosiyasi vəziyyətin dəyişməsi fonunda islahatların qaçılmaz olacağına inanır. Onun fikrincə, ölkə iqtisadiyyatına böyük investisiyaların cəlb edilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, biznesin aşağı faizlərlə kreditləşdirilməsinə və mülkiyyət hüququnun qorunmasına ciddi ehtiyac var.

Deputat qeyd edib ki, islahatlar üçün ölkədə əlverişli şərait mövcuddur: ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin edilib, valyuta ehtiyatları var və xalqın hökumətə dəstəyi mövcuddur.

Lakin o hesab edir ki, cəmiyyət də böyük islahatlara hazır olmalıdır: “Ölkəmizdə diskussiya mədəniyyəti, tolerantlıq və demokratik vərdişlər arzuladığımız səviyyədə deyil. Özlərini demokratiya tərəfdarı adlandıran bəzi ictimai-siyasi fəallar polemikalar zamanı adi fikir ayrılığına görə bir-birini, hətta dünyasını dəyişmiş valideynləri belə təhqir edirlər və başqalarının uğursuzluğuna sevinirlər. Cəmiyyətdə fərqli baxışlar mövcuddur. Bir qrup hesab edir ki, xalq daha artığına layiqdir, digər qrup isə düşünür ki, Prezident İlham Əliyev xalqa layiq olduğundan daha böyük uğur qazandırıb”.

Deputat reallığın isə fərqli olduğunu bildirib: “Hələlik xalqımızın sosial inkişaf səviyyəsi indikindən daha artığına nail olmağa imkan vermir. Hökumət islahatlar zamanı əldə olunanların itirilə biləcəyi riskindən çəkinir. Amma nəzərə almalıyıq ki, islahatların çox gecikdirilməsi, islahatların aparılmasından daha riskli olacaq. Bizi gözləyən çağırışlara cavab vermək üçün güclü və rəqabətədavamlı bazar iqtisadiyyatına sahib olmalıyıq”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
63
azpolitika.info

1Sources