EN

Qonşusunu cərimə protokolu ödəməmək üstündə öldürən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sənan Məmmədzadənin (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisənin əsası 13 dekabr 2024-cü il tarixdə paytaxtın Yasamal rayonu ərazisində qoyulub. Həmin gün saat 22 radələrində Sənan Məmmədzadə qonşusu Kərəm Nəcəfov (adı və soyadı şərtidir) və digər tanışları ilə birlikdə yaşadığı ünvanın yaxınlığında yerləşən “Şəki” kafesində spirtli içki qəbul edib. Daha sonra ərzaq məhsulları almaq məqsədilə marketə getmək qərarına gəliblər.

 

İstintaqın müəyyən etdiyi kimi, təqsirləndirilən şəxs zərərçəkmişin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bildiyi halda, onlarla müqayisədə daha az spirtli içki qəbul etdiyini əsas gətirərək, taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürdüyü və etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı avtomobili idarə etməyi ondan xahiş edib. Kərəm razılaşaraq avtomobili idarə edərkən saat 22:57-də Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində manevr zamanı dönmə işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı onun sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə avtomobil idarə etdiyi müəyyən edilib. Nəticədə Kərəm barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə 500 manat məbləğində cərimə tətbiq edilib. Sənan isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan və sərxoş vəziyyətdə olan şəxsə avtomobili verməyə görə İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə kəsilib.

 

14 dekabr 2024-cü ildə təqsirləndirilən şəxs cərimələrin birgə ödənilməsini təklif etsə də, zərərçəkmiş bu təkliflə razılaşmayıb. Həmin vaxtdan etibarən tərəflər arasında mübahisələr başlayıb və aralarında ədavət yaranıb.

 

İstintaq materiallarında göstərilir ki, 30 dekabr 2024-cü ildə Sənan yaşadığı mənzildə təkbaşına spirtli içki qəbul etdikdən sonra cərimələrin müştərək ödənilməsindən imtinaya görə qisas almaq qərarına gəlib və zərərçəkmişi öldürmək niyyəti formalaşdırıb. Cinayət niyyətini həyata keçirmək məqsədilə o, mətbəx bıçağını üzərində götürərək 31 dekabr 2024-cü il tarixdə gecə saatlarında yaşadığı binanın ətrafında zərərçəkmişi axtarmağa başlayıb. Saat 00:30 radələrində binanın həyətində Kənanla qarşılaşan təqsirləndirilən şəxs onunla yenidən mübahisə edib. Mübahisə zamanı Kənanın nalayiq ifadələr işlətməsi və cəriməni birgə ödəməkdən qəti imtina etməsi Sənanı daha da əsəbiləşdirib. Bu zaman o, üzərində gəzdirdiyi bıçağı çıxararaq zərərçəkmişə hücum edib.

 

Təqsirləndirilən şəxs qəsdən öldürmək məqsədilə Kənanın bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək ona ağır bədən xəsarət yetirib. Sonuncu xəsarət həyat üçün təhlükəli olmaqla ağır zərər kimi qiymətləndirilib və kəskin qanitirməyə səbəb olub. Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə əlaqədar təcili tibbi yardım vasitəsilə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılarkən yolda həyatını itirib.

 

İstintaq materiallarına əsasən, Sənan Məmmədzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Məmmədzadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib və 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 16 Fevral 2026, 09:10   
Chosen
89
pravda.az

1Sources