Qahirə, 15 fevral, AZƏRTAC
Ötən il oktyabr ayının sonlarında Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində başladığı hərbi əməliyyatın üç günü ərzində 6000-dən çox insan həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.
BMT-nin İnsan Hüquqları Ofisinin məlumatına görə, ötən il oktyabrın 25-dən 27-dək Faşirdə azı 4400 insanın qətli sənədləşdirilib. Bundan başqa, Çevik Dəstək Qüvvələrinin hücumlarından qaçmağa çalışarkən isə 1600-dən çox insanın öldürüldüyü bildirilir.
BMT-nin 29 səhifəlik hesabatında Sudanda gedən müharibə ərzində kütləvi qətllər və edamlar, cinsi zorakılıq, insan oğurluğu halları, işgəncələr ətraflı şəkildə təsvir edilib.
Sudan üç ildir ki, ordu ilə Çevik Dəstək Qüvvələri arasında gedən müharibənin ağır nəticələrini yaşayır. Bu münaqişə on minlərlə insanın həlak olmasına, milyonlarla insanın didərgin düşməsinə gətirib çıxarıb, ölkənin səhiyyə və təhsil infrastrukturunun böyük hissəsini məhv edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə