EN

Münhen səfəri: Azərbaycanın yeni mərhələdə beynəlxalq mövqelənməsi

ain.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Münhen Təhlükəsizlik Konfransında iştirakı rəsmi protokol səfərindən daha geniş məna daşıyır. Bu səfər Azərbaycanın artıq regional münaqişə kontekstindən çıxaraq qlobal təhlükəsizlik və əməkdaşlıq gündəliyində öz yerini formalaşdırmaq mərhələsinə keçdiyini göstərir.

Münhen platforması ənənəvi olaraq böyük güclərin təhlükəsizlik baxışlarının toqquşduğu, yeni dünya nizamının konturlarının müzakirə edildiyi məkandır. Azərbaycan liderinin bu konfransda iştirakı onu göstərir ki, Bakı artıq proseslərin kənar müşahidəçisi yox, öz təcrübəsi və mövqeyi ilə müzakirələrə töhfə verən aktor kimi çıxış edir. Xüsusilə, postmünaqişə reallığında Azərbaycan öz təhlükəsizliyini təmin etmiş, regional sabitliyin formalaşmasında söz sahibi olan dövlət statusunu beynəlxalq auditoriyaya nümayiş etdirir.

Səfərin əhəmiyyətini artıran əsas məqamlardan biri Prezidentin Münhenə “münaqişə yaşayan ölkənin rəhbəri” kimi deyil, sülh mərhələsinə keçid etmiş dövlət başçısı kimi qatılmasıdır. Bu, Azərbaycan üçün mühüm siyasi transformasiyanın rəmzidir. Uzun illər ölkə beynəlxalq platformalarda münaqişə, işğal və təhlükəsizlik riskləri kontekstində təqdim olunurdusa, indi bu gündəliyin yerini sülh, bağlantılar, enerji təhlükəsizliyi və yeni əməkdaşlıq imkanları tutur.

Birinci xanım Mehriban Əliyevanın səfərdə iştirakı isə Azərbaycanın beynəlxalq imicinin humanitar və mədəni ölçüsünü gücləndirən amildir. Bu, Azərbaycanın yalnız sərt təhlükəsizlik və geosiyasi mövqelərlə deyil, mədəniyyətlərarası dialoq, humanitar əməkdaşlıq və yumşaq güc elementləri ilə də beynəlxalq müstəvidə çıxış etdiyini göstərir. Beləliklə, Münhen səfəri siyasi və humanitar mesajların paralel şəkildə verildiyi balanslı diplomatik gediş kimi qiymətləndirilə bilər.

Digər mühüm məqam ondan ibarətdir ki, Münhen Təhlükəsizlik Konfransı fonunda keçirilən ikitərəfli təmaslar Azərbaycanın Avropa və transatlantik məkanla münasibətlərində yeni mərhələyə işarə edir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya və süni intellekt kimi mövzular Azərbaycanın artıq yalnız resurs təchizatçısı deyil, strateji tərəfdaş kimi qəbul olunduğunu göstərir. Bu da ölkənin beynəlxalq çəkisinin artmasının praktik göstəricisidir.

Ümumilikdə, Prezident İlham Əliyevin Münhen səfəri Azərbaycanın xarici siyasətində özünəinamın və siyasi yetkinliyin nümayişidir. Bu səfər göstərdi ki, Azərbaycan artıq beynəlxalq müzakirələrdə mövqeyini izah edən yox, mövqeyi ilə gündəm formalaşdıran tərəfdir. Münhen mesajlarının əsas mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycan regional müharibə səhifəsini bağlayaraq, qlobal təhlükəsizlik və əməkdaşlıq arxitekturasında öz yerini daha aydın və iddialı şəkildə müəyyənləşdirir.

Alim Nəsirov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
26
bakivaxti.az

1Sources