EN

“Atalanta”nın qisası yaman ağır oldu - İCMAL

Startı fevralın 4-də “İnter” - “Torino” oyunu ilə verilən İtaliya kubokunun 1/4 finalında ertəsi gün daha bir matç keçirildi.

"Football-plus.az" xəbər verir ki, yerli vaxtla cümə axşamı baş tutan oyun bir qədər gözlənilməz hesabla nəticələndi.

Maraq üçün “Atalanta”nın bu mövsüm “Yuventus” ilə ilk görüşündə qalibin müəyyənləşmədiyini xatırladaq. A seriyasının 5-ci turunun ötən il sentyabrın 27-də Turində keçirilən oyunu 1:1 hesabı ilə nəticələnmişdi: Sulemana fasiləyə az qalmış hesabı açmış, 78-ci dəqiqədə cavab qolunu vuran Kabal turinliləri məğlubiyyətdən xilas etmişdi. Amma komandalar arasında İtaliya kuboku çərçivəsində son 5 ildə baş tutan həlledici oyunlar “qoca sinyora”nın xeyrinə nəticələnmişdi. Ölkə kubokunu 15 dəfə qazanmaqla rekordçu olan “Yuventus” 2021-ci ildə keçirilən finalda “Atalanta”nı 2:1, 2024-cü ildə isə 1:0 hesabıyla məğlub etmişdi.

Başqa sözlə, turinlilər berqamoluların qazandıqları kubok sayının ikiyə yüksəlməsinə imkan verməmişdilər. Bu dəfə meydana həm də qisas hissi ilə çıxacaq Raffaele Palladinonun komandasının evdə oynayacağı ölkə nəhəngi üçün əsas çətinlik sayıla bilərdi.

İlk hissənin əvvəlində Konseysaonun iki dəfə hesabı açmaq cəhdi uğursuz alındı: əvvəlcə Karnesekki onun zərbəsini dəf etdi, az sonra isə top tirə dəydi. Hissənin ortalarında Bremerin cərimə meydançasında əllə oyununa görə təyin olunan penaltini Skamakka dəqiq yerinə yetirdi. Qonaqlar fasilədən sonra da rəqibin arxa xəttini yarmaqda çətinlik çəkirdilər. Palladinonun 70-ci dəqiqədə mübarizəyə qoşduğu iki futbolçu isə növbəti qolu təşkil etdi: Sulemana Bellanovanın ötürməsini əla tamamladı. Meydana sonradan çıxan daha bir futbolçu Paşaliç isə berqamoluların qələbəsinə şübhə yeri qoymadı. “Yuventus” son yarım ildən artıq müddətdə rəsmi oyunlarda ilk dəfə böyük hesabla uduzdu. “Ağ-qaralar” ötən il iyunun 26-da Klublararası Dünya Çempionatında “Mançester Siti”yə 2:5 hesabıyla məğlub olmuşdular.

“Yuventus” ardıcıl ikinci mövsüm ölkə kubokunda mübarizəni 1/4 finalda dayandırdı. Finallardakı məğlubiyyətlərin qisasını alan “Atalanta” isə yarımfinalın ikinci iştirakçısı oldu. Palladinonun komandası növbəti mərhələdə “Bolonya” - “Latsio” oyununun qalibi ilə qarşılaşacaq.

1/4 final
Atalanta – Yuventus 3:0

Skamakka, 27-p. Sulemana, 77. Paşaliç, 85.
Atalanta: Karnesekki, Skalvini (Kossunu, 76), Cimşiti, Ahanor, Zappakosta (Bellanova, 70), Ederson, De Roon, Bernaskoni, De Ketelare (Paşaliç, 83), Raspadori (Krstoviç, 75), Skamakka (Sulemana, 70).
Yuventus: Perin, Qatti (Boqa, 64), Kelli, Bremer, Kalulu, Kambyazo (Openda, 81), Lokatelli (Holm, 74), K.Türam, Makkenni, Konseysao (Jeqrova, 80), Devid (Koopmeyners, 74).

Bu mərhələnin fevralın 4-də keçirilən oyununun nəticəsi: İnter – Torino 2:1 (Bonni, 35. Diuf, 48 - Kulenoviç, 57).

Oyundan sonra
Raffaele Palladino, “Atalanta”nın baş məşqçisi:
“Çox sevinirəm, uşaqlara, kluba və bütün azarkeşlərimizə minnətdaram. Bu qələbəni onlara həsr edirik. Ona görə ki, qaynayan qazana bənzəyən stadion bizi əvvəldən axıradək ilhamlandırdı. Hamımız üçün gözəl və sehirli gecə idi. Bu gün lazım olanda soyuqqanlı göründük, lazım gələndə isə əla müdafiə olunduq. Meydana sonradan daxil olan oyunçular oyuna doğru münasibət göstərdilər. Bu isə qələbədə həlledici rol oynadı. Sərəncamımda olan bütün oyunçulardan yararlana bilərəm və bu, məni sevindirir. “Yuventus”un gücü və oyun keyfiyyəti məndə xoş təəssürat oyatdı. Biz İtaliyanın ən yaxşı məşqçilərindən sayılan Luçano Spallettinin komandasına qarşı oynadıq. “Yuventus”un son aylar kifayət qədər qələbə qazandığını unutmayın. Bu səbəbdən belə güclü rəqib üzərində qazanılan qələbəmiz bizim üçün daha dəyərlidi. Meydanda balanslaşdırılmış oyunun şahidi olduq. Rəqibin hesabda önə keçmək şansının olduğunu etiraf etməliyik. Mənim məhz belə açıq xarakterli oyunlardan xoşum gəlir. Fasilədə uşaqlardan bir az meydanın dərinliyindən oynamaq istəyib-istəmədiklərini soruşdum. Onlar hücum futbolunu davam etdirmək istədilər və bu, məşqçi kimi məni sevindirdi. Bu turnirdə sona qədər irəliləmək istəyirik”.

Luçano Spalletti, “Yuventus”un baş məşqçisi:
“Rəqib matçın həlledici məqamlarında bizdən daha yaxşı oynadı. 0:3 hesablı məğlubiyyəti şərh edirsizsə, çox da danışa bilməzsiz. Palladino ilə komandasını təbrik edirik. “Atalanta” yaxşı təşkil edilmiş komandadı. Vəziyyət çətinləşəndə yanlış qərarlar verdik. Top meydanın mərkəzində hərəkət edərkən statistika böyük rol oynayır. Amma oyun daha təhlükəli xarakter alarsa, düzgün qərarlar vermək lazımdı, qərarları həm də qısa zamanda vermək tələb olunur. Rəqiblə bizm aramızdakı əsas fərq məhz bu məqamlarda oldu. Üç top buraxaraq uduzduğumuz üçün uşaqların səylə çalışıb yaxşı oyun göstərdiklərini demək çox çətindi. Xoşuma gəlməyən cəhət o oldu ki, hücumların son mərhələlərində dağınıq oynadıq və fərdi oyun sayəsində nəsə əldə etməyə çalışmağımız nəticəsində təşkilatlanmış oyunumuzu itirdik. Kollektiv oyunumuzu əldən verdik”.
Chosen
92
1
football-plus.az

2Sources