EN

Azərbaycanın geyim bazarında səssiz dönüş: Türkiyədən idxal daha da azalacaq

Son illərdə Azərbaycan geyim bazarında aparıcı mövqeyə malik olan Türkiyə məhsulları həm qiymət, həm də çeşid baxımından əsas seçimlərdən biri hesab edilirdi. Lakin 2026-cı ilin əvvəlindən etibarən bu istiqamətdə müşahidə olunan dəyişikliklər diqqət çəkir. Rəsmi məlumatlara görə, yanvar ayında Azərbaycan Türkiyədən 3,18 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Türkiyə İxracatçılar Məclisinin açıqladığı statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz azdır. İdxal həcminin azalması bazarda bir sıra suallar doğurur: bu geriləmənin əsas səbəbi nədir? Azərbaycanda Türkiyə brendlərinə maraq doğrudanmı zəifləyib, yoxsa söhbət mövsümi amillərdən gedir?

“Sahibkarlar Türkiyədən idxala əvvəlki qədər maraq göstərmirlər”

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının idarə heyətinin üzvü Elxan Mərdanlının sözlərinə görə, idxalın azalmasının əsas səbəblərindən biri Türkiyədə mövcud olan iqtisadi vəziyyətdir: “Yüksək inflyasiya və istehsal xərclərinin artması burada istehsal olunan məhsulların maya dəyərini yüksəldib. Bu isə satış qiymətlərinin bahalaşmasına səbəb olub. Nəticədə qiymət artımı idxalçıların daha az məhsul almasına gətirib çıxarır və bir çox sahibkarlar Türkiyədən mal idxalına əvvəlki qədər maraq göstərmirlər”.

E.Mərdanlının fikrincə, bazarda hər bir brend öz qiymət seqmentinə uyğun müəyyən mövqeyə malikdir: “Ümumilikdə türk brendlərinə maraq azalmayıb. Lakin bəzi hallarda mövcud qiymətlə təqdim olunan keyfiyyət arasında uyğunsuzluq yaranır. Xərcləri azaltmaq məqsədilə bəzi istehsalçıların keyfiyyətdə müəyyən güzəştlərə getməsi istehlakçı məmnunluğuna mənfi təsir göstərir. Mövcud azalma daha çox struktur xarakter daşıyır. Bir tərəfdən qiymətlər artıb, digər tərəfdən isə bazarda alıcılıq qabiliyyəti zəifləyib. Eyni zamanda rüsumsuz və vergisiz onlayn sifarişlərin qarşısının tam alınmaması, eləcə də bazarda qeyri-leqal şəkildə satılan geyimlərin mövcudluğu rəsmi idxala mənfi təsir göstərir”.

Chosen
51
3
publika.az

10Sources