Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Portuqaliya 13 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsi və 13-16 yaş aralığında olanlara yalnız valideyn və ya sinif rəhbərinin icazəsi ilə istifadə hüququnun verilməsi istiqamətində ilk addımı atıb.
"Cebheinfo.az" xəbər verir ki, Portuqaliyada hakim sağ yönümlü Sosial Demokrat Partiyasının (PSD) uşaqlarda sosial media istifadəsini tənzimləyən qanun layihəsi parlamentdə ilkin təsdiqdən keçərək yekun formaya salınması üçün komissiyaya göndərilib.
Parlament 13 yaşdan aşağı uşaqların sosial mediaya və digər platformalara çıxışını qadağan edən, 13-16 yaş aralığında olanlar üçün isə valideyn və ya sinif müəlliminin icazəsini məcburi edən qanun layihəsini PSD, Sosialist Partiyası (PS), heyvan haqları partiyası PAN və Madeira adasında fəaliyyət göstərən Xalq Üçün Birlikdə (JPP) partiyasının lehinə səsləri ilə qəbul edib.
Layihəyə hökumət ortaqlarından Xristian Demokratlar (CDS-PP), müxalifətdə olan Yaşıllar Partiyası, Azadlıq (Livre), Sol Blok və PS-dən bir deputat bitərəf qalıb. Əsas müxalifət qüvvəsi olan ifrat sağçı Chega və Liberal Təşəbbüs (IL) isə əleyhinə səs verib.
Növbəti mərhələdə parlament komissiyasında müzakirə olunacaq layihə yekun səsvermə üçün yenidən parlamentin plenar iclasına çıxarılacaq.
Layihənin hazırkı variantına əsasən, 13 yaşdan aşağı şəxslərə sosial şəbəkələrə çıxış tamamilə qadağan edilir. 13-16 yaş aralığında olanlara isə valideyn və ya sinif rəhbərinin icazəsindən sonra yaş təsdiqinin aparılacağı rəqəmsal açar sistemi vasitəsilə istifadə imkanı veriləcək.
Bundan əlavə, sosial media platformalarına sahib olub qanuna əməl etməyən şirkətlərə 2 milyon avroyadək cərimə tətbiq olunması da layihədə nəzərdə tutulur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.