EN

Qanunun əleyhinə səs verən deputat: “Hüquq “məncə” ilə işləməməlidir”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bu gün plenar iclasda "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı və səsə qoyuldu. 

Bəribaşdan deyim ki, əleyhinə səs verdim. Sənəddə əsas problem mənim üçün bir cümləyə sığır: qanun nə qədər “yüksək məfhumlarla” yazılsa da, praktikada icra mexanizmi və hüquqi dəqiqlik yoxdursa, o qanun ölkəyə risk gətirir. Burada “xalq”, “dövlət”, “ictimai maraq”, “milli mənafe” kimi anlayışlar tez-tez çəkilir. 

Bu sözlər emosional olaraq cəlbedicidir, amma hüquqi mətn üçün təhlükəlidir. Çünki hüquq dili şüar dili deyil: hüquq dili ölçülə bilən, dəqiq, tətbiq edilə bilən dildir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.

O bildirib ki, əgər “xalqın marağı” və ya “dövlətin marağı” anlayışları konkret meyarlarla izah olunmursa, icraçı orqan sabah istənilən qərarı bu pərdə ilə əsaslandıra bilər: 

“Bir məmur “dövlət marağı belə tələb edir” deyib biznesin fəaliyyətini məhdudlaşdırır, digəri “xalqın mənafeyi belədir” deyib eyni məsələyə tam başqa qərar verir. Nəticə nə olur? 

Eyni qaydaya tabe olmalı olan bazarda fərqli tətbiqlər yaranır. Bu isə hüquqi bərabərlik prinsipini sarsıdır, həm də korrupsiya və sui-istifadə riskini artırır. İnvestorun ən çox qorxduğu şey də məhz budur: sabahın qaydasının bu gündən bilinməməsi.

Sual olunur ki, bu, investorları qaçıra bilərmi? Açıq deyim ki, tək bir maddə deyil, məhz bu tip “qeyri-müəyyən anlayışlar” investorun qərarını dəyişən əsas faktordur. Çünki investor pul yatıranda sabahı da düşünür: 

mülkiyyət hüququnun qorunacağına, müqavilənin işləyəcəyinə, mübahisənin ədalətli və proqnozlaşdırıla bilən qaydada həll olunacağına inanmalıdır. 

Qanunda sərhədlər bulanıqdırsa, investor bunu belə oxuyur: “Sabah qayda dəyişə bilər, sabah mənim hüququm ictimai maraq adı ilə daraldıla bilər, sabah qərar subyektiv ola bilər”.

Bu isə kapitalın təbiətinə ziddir: kapital riskli mühitdən qaçır, daha sabit hüquqi mühitə gedir”.Deputatın fikrincə, digər ciddi risk belə qeyri-müəyyən məfhumların məhkəmə yükünü artırmasıdır: 

“Çünki tərəflər norma deyil, normanın “niyyətini” mübahisələndirməyə başlayır. Hüquq “məncə” ilə işləməməlidir. Dövlət üçün də zərər burdadır: dövlətin gücü sərt sözlərdə yox, aydın qaydada olur. Aydın qayda həm vətəndaşı qoruyur, həm dövlətin nüfuzunu artırır, həm də icraçını məsuliyyətli edir.

Ona görə təklifim prinsipialdır: sənəddə “xalq”, “dövlət”, “ictimai maraq” kimi anlayışlar varsa, mütləq hüquqi tərif verilməlidir və bu təriflər konkret meyarlarla bağlanmalıdır, yəni hansı halda, hansı prosedurla, hansı əsaslandırma ilə, hansı müddətdə, hansı apellyasiya hüququ ilə. Hər qərarın məcburi yazılı əsaslandırması olmalıdır. 

Biznesin və vətəndaşın şikayət mexanizmi sürətli və effektiv olmalıdır. Əks halda, qanunun “məqsədi” yaxşı ola bilər, amma nəticəsi qeyri-müəyyənlik, selektiv tətbiq, risk artımı və investisiya axınının zəifləməsi olduğundan, ziyanlı olar”.

Mən məhz buna görə deyirəm ki, biz “dövlət” sözünü çox işlətməklə deyil, dövlətin hüquqi keyfiyyətini yüksəltməklə güclənirik. Gəlin bu sənədi elə dəqiqləşdirək ki, nə vətəndaş qorxsun, nə məmur özbaşına hərəkət edə bilsin, nə də investor “bu bazar proqnozlaşdırılan deyil” deyib geri çəkilsin".

“Cebheinfo.az”

Açar sözlər:

qanun Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
2
cebheinfo.az

3Sources