EN

Prezident tapşırığı: Tədris proqramında dəyişiklik olacaq?

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına müəyyən dəyişikliklər edilməli olduğunu vurğulayıb.

Ölkə başçısı son vaxtlar bu istiqamətdə müəyyən işlərin görüldüyünü də diqqətə çatdırıb:

“Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.

Sözügedən mövzuyla bağlı Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, dövlət başçısının qeyd etdiyi dəyişikliklər tədris proqramlarında, xüsusilə tam orta təhsil müəssisələrində süni zəka ilə bağlı mövzulara yer verilməsini nəzərdə tutur:

“Eyni zamanda ibtidai təhsil pilləsində həm informatika, həm də həyat bilgisi dərsliklərində rəqəmsallaşdırma, süni zəka və süni zəka alətləri ilə bağlı məlumatlar daxil edilə bilər. Artıq informasiya texnologiyaları və süni zəka bütün sahələrə nüfuz edir və yeni nəsil bu istiqamətdə daha dərindən biliklərə sahib olmalıdır".

Ekspertin sözlərinə görə, rəqəmsal bacarıqların artırılması üçün ayrıca yeni fənnin yaradılması zəruri olmaya da bilər:

“Hazırda informatika fənni tədris olunur. Bununla paralel şəkildə süni zəkanın öyrədilməsi üçün əlavə dərs saatlarının ayrılması və ya informatika fənninin saatının artırılması mümkündür.

Tədris proqramında yumşalma prosesi daha çox dərsliklərin tam rəqəmsallaşdırılmasından sonra mümkün ola bilər. Elektron dərsliklərə keçid və tədris prosesinin süni intellektə inteqrasiyası baş verdikdən sonra dərs yükündə müəyyən optimallaşma müşahidə edilə bilər”.

Elçin Əfəndi hazırda informatika müəllimliyi üzrə müəyyən kadr çatışmazlığı olduğunu diqqətə çatdırır:

“Növbəti qəbul illərində bu ixtisas üzrə plan yerlərinin artırılması məqsədəuyğun olar. Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar və informatika müəllimliyi istiqamətində daha güclü və uyğun kadr hazırlığına ehtiyac var. Real islahat üçün ilk addım ali məktəblərə qəbulda rəqəmsal bacarıqlar üzrə plan yerlərinin artırılmasıdır.

Paralel olaraq, ibtidai təhsil pilləsindən başlayaraq süni zəka və informasiya texnologiyaları ilə bağlı bilik və bacarıqların formalaşdırılması təmin edilməlidir. Bu istiqamətdə atılacaq addımlar gələcəkdə ölkənin rəqəmsal transformasiya prosesində kadr təminatının gücləndirilməsinə xidmət edəcək”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti üzrə hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
2
axar.az

3Sources