EN

Ermənistan ikinci İsrailə çevrilir? Vensin səfəri ilə bağlı ilginc iddia

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Millət vəkili Qüdrət Həsənquliyev “Azpolitika”ya müsahibəsində ABŞ-ın regionda Ermənistanı “İsrail modeli” kimi dayaq nöqtəsinə çevirmək istədiyini bildirib. Deputatın sözlərinə görə, Vaşinqton İrəvanı müsəlman dövlətləri arasında özünə forpost kimi görür.

Q.Həsənquliyev vitse-prezident Ceyms Devid Vensin səfərinə münasibətdə qeyd edib ki, ABŞ tərəfindən Ermənistana milyardlarla dollar dəyərində investisiyaların elan olunması, yüksək texnologiyalar – o cümlədən müasir çiplərin istehsalı ilə bağlı açıqlamalar verilməsi, zavodların tikintisinin başlandığının bildirilməsi bunu göstərir.

Eyni zamanda, 9 milyard dollarlıq modul nüvə reaktorlarının Ermənistana verilməsi məsələsi də gündəmə gətirildi. Q.Həsənquliyev iddia edib ki, ABŞ türk və müsəlman ölkə olan Azərbaycanın inkişafında, güclənməsində maraqlı deyil.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ-ın Cənubi Qafqazla bağlı mövqeyinə nəzər yetirdikdə balans siyasəti aparmağa çalışdığı görünür:

“Ermənistan son illərdə Qərblə münasibətləri dərinləşdirməyə çalışır. Bunun fonunda investisiya, texnologiya və enerji əməkdaşlığı ilə bağlı bəyanatların səsləndirilməsi təəccüblü deyil. Amma bu, avtomatik olaraq “İsrail modeli”nin tətbiqi mənasına da gəlmir. İsrail ABŞ üçün xüsusi strateji, tarixi və daxili siyasi əhəmiyyətə malik müstəsna tərəfdaşdır. Bu modelin eyni şəkildə Cənubi Qafqazda təkrarlanması həm miqyas, həm resurs, həm də regional reallıqlar baxımından asan görünmür.

Digər tərəfdən, ABŞ-ın Azərbaycanla da enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və təhlükəsizlik sahəsində əməkdaşlığı var. Vaşinqtonun tam şəkildə Bakının zəifləməsində maraqlı olması inandırıcı deyil. Böyük güclər adətən regionda bir neçə tərəflə paralel işləməyə üstünlük verirlər ki, təsir imkanlarını itirməsinlər.

Qabil Hüseynli

Modul nüvə reaktorları, yüksək texnologiyalı çip istehsalı kimi mövzular isə çox böyük maliyyə, infrastruktur və uzunmüddətli siyasi sabitlik tələb edən layihələrdir. Belə açıqlamalar bəzən siyasi mesaj xarakteri daşıyır və reallaşma mərhələsi illər çəkə bilər.

Fikrimcə,  regionda proseslər əsasən çoxqütblü balans üzərində qurulub və bir ölkənin “forpost”a çevrilməsi ssenarisi indiki reallıqda o qədər də sadə görünmür”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
102
globalinfo.az

1Sources