EN

Prezidentin dəyərli tövsiyələri...

Azərbaycanda yeni rəqəmsal arxitektura quruculuğu üçün strateji yol xəritəsi hesab edilə bilər

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkəmizin ortamüddətli dövrdə əsas strateji hədəflərindən biri olan rəqəmsal inkişafa çatmaq üçün yeni prioritetləri müəyyənləşdirmək, bu istiqamətdə dövlət qururmlarının fəaliyyətinin koordinasiyası və zəruri tədbirlərin icrasını tezləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Müşavirədə diqqətə çatdırılan əsas məqamlar da məhz rəqəmsal inkişafla bağlı olan məsələlərin vaxt itirmədən icrasını nəzərdə tuturdu. Çünki gələcək inkişafın əsas atributu texnoloji və rəqəmsal inkişafdır və bütün dünya dövlətlərinin bu amilə xüsusi önəm verdiyi bir vaxtda rəqabətdə geri qalmaq olmaz. Dövlət başçısının da vurğuladığı kimi, dünyada gedən meyillər, trendlər bəllidir: “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”.

4-cü Sənaye İnqilabının tələbləri

Dünya artıq 4-cü Sənaye İnqilabı mərhələsinə daxil olub və son illərdə bu transformasiya daha da dərinləşib. Rəqəmsallaşma iqtisadi artımın, idarəetmə mexanizmlərinin və sosial münasibətlərin əsas müəyyənedici amilinə çevrilib.

Beynəlxalq təşkilatların son hesabatları bu reallığı təsdiq edir. BMT-nin “Rəqəmsal İqtisadiyyat Hesabatı 2024”ə görə, rəqəmsal texnologiyalar qlobal iqtisadi inkişafda həlledici rol oynayır, lakin ekoloji və sosial aspektlər nəzərə alınmadıqda yeni risklər yaradır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Rəqəmsal İqtisadiyyat İcmalı 2024” hesabatına əsasən, üzv ölkələrdə İKT sektoru 2013-2023-cü illərdə orta hesabla illik 7,6 faiz böyümüş və bu göstərici ümumi iqtisadi artımı 3 dəfədən çox üstələyib. Dünya İqtisadi Forumu isə göstərmişdir ki, 2027-ci ilə qədər mövcud bacarıqların 44 faizi yenilənməlidir. Stanford Universitetinin “AI Index Report 2025” sənədinə görə, 2024-cü ildə respondent təşkilatların 78 faizi süni intellekt (AI) texnologiyalarından istifadə edib, yaradıcı AI sahəsinə qoyulan şəxsi investisiyalar isə 33,9 milyard ABŞ dolları olub.

Texnoloji infrastruktur və qabaqcıl texnologiyalara sərmayələr də rəqəmsal transformasiyanın həlledici şərtlərindəndir. 2021-ci ildə bu sahəyə qlobal sərmayələrin həcmi 650 milyard ABŞ dolları təşkil edib. 2035-ci ilədək isə onun 1 trilyon ABŞ dollarını üstələyəcəyi proqnoz edilir. Sinqapur dövlət-özəl tərəfdaşlığı və kibertəhlükəsizlik siyasəti hesabına Asiyanın rəqəmsal mərkəzinə çevrilməyi hədəfləyir, Böyük Britaniya isə rəqəmsal infrastrukturun möhkəmləndirilməsini prioritet kimi müəyyən edir. İstehlakçı davranışları da köklü dəyişikliklərə məruz qalır. DataReportalın “Digital 2025” hesabatına görə, e-ticarət illik 15-25 faiz artım tempi ilə inkişaf edib, fərdiləşdirilmiş xidmətlər, mobil ödənişlər və elektron pul kisələrinə tələbat əhəmiyyətli dərəcədə yüksəlir. Bununla yanaşı, qlobal investisiya riskləri də diqqət mərkəzində qalır. BMT-nin Ticarət və İnkişaf Konfransının “Dünya İnvestisiya Hesabatı 2025” sənədinə əsasən, 2024-cü ildə dünya üzrə birbaşa xarici investisiya axınları 11 faiz azalıb. Bu fakt rəqəmsal infrastruktur layihələrinin maliyyələşməsində dövlət-özəl tərəfdaşlıqlarının rolunu artırmağı və investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsini zəruri edir.

Rəqəmsallaşmanın uğurlu modelləri - “Hökumət buludu”, “SİMA”, “ASAN xidmət”...

Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə “Hökumət buludu” yaradılmış, dövlət informasiya sistemlərinin və elektron xidmətlərin vahid platforma üzərindən inteqrasiyası təmin edilib. Bu yanaşma dövlət idarəçiliyində xərclərin azaldılmasına, xidmətlərin optimallaşdırılmasına və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə şərait yaradıb. Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“Hökumət buludu”) tam şəkildə qurulub. Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılıb. “SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırıb.

Hazırda “ASAN xidmət” mərkəzlərində vətəndaşlara, biznes subyektlərinə və əcnəbilərə təxminən 400-ə yaxın xidmət göstərilir. Xidmətlərin sistemləşdirilməsi və təkrarlığın qarşısını almaq məqsədilə yaradılmış “Dövlət Xidmətlərinin Elektron Reyestri” portalında 945 dövlət xidməti rəqəmsal olaraq təsdiq edilərək istifadəyə verilib..

Sektorlar üzrə rəqəmsallaşma istiqamətində də mühüm nəticələr əldə edilmişdir. Maliyyə sektorunda 30-dan çox “FinTech” subyekti fəaliyyət göstərməkdədir və bu, ölkədə nağdsız ödənişlərin payının sürətlə artmasına təkan verib. Kənd təsərrüfatında “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi üzərindən 600 mindən çox fermer subsidiyalardan və digər xidmətlərdən rəqəmsal qaydada yararlanır. Səhiyyə  sahəsində rəqəmsal həllərin tətbiqi ilə xidmətlərin keyfiyyəti və əlçatanlığı artırılır. Təhsil sistemində rəqəmsal təhsil modelləri formalaşdırılıb, ali təhsil müəssisələri nəzdində rəqəmsal iqtisadiyyat, innovasiya və tədqiqat mərkəzləri yaradılıb. Mülkiyyət sahəsində isə patent və əmtəə nişanlarının rəqəmsal qeydiyyatı üçün “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” sistemi istifadəyə verilib.

2026-2029-cu illərə dair rəqəmsal strategiya

Bütün bunlara baxmayaraq, qarşıda mühüm çağırışlar dayanır. Bir çox sahələrdə, o cümlədən bəzi dövlət qurumlarında sənədlərin hələ də kağız formatında olması, qurumdaxili fəaliyyət hesab olunması, ümumiyyətlə, rəqəmsallaşmanın bəzi hallarda prioritetləşdirilmədiyini göstərir. Eyni zamanda, iqtisadi sferalarda istehsal-emal-xidmət üçbucağının birbaşa rəqəmsal və süni intelekt modelinə keçirilməsi nəzərdə tutulur ki, bütün bunlar rəqəmsal transformasiya şəraitində yeni meyilləri formalaşdıracaq.

Bütün bu xüsusiyyətləri nəzərə aldıqda, Azərbaycan qlobal trendlərin əsasında rəqəmsal intibaha keçid üçün bütün səylərini səfərbər etməyi nəzərdə tutur və strateji baxış buna fokuslanıb.  

Beynəlxalq təcrübə göstərir ki, uğurlu rəqəmsal iqtisadiyyat strategiyası dövlət, biznes və cəmiyyətin birgə fəaliyyətini nəzərdə tutan vahid yanaşmaya əsaslanmalıdır. Azərbaycan bu xüsusiyyətlərin fonunda özünün rəqəmsal arxitekturasını qurmağı əsas hədəf kimi müəyyənləşdirib. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” sənədində ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bacarıqların gücləndirilməsi, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılması kimi prioritetlər nəzərdə tutulub.

Strategiya informasiya texnologiyalarının və 4-cü Sənaye İnqilabının əsas texnologiyalarının (süni intellekt, böyük verilənlər, blokçeyn, bulud texnologiyaları, “ağıllı şəhər” həlləri və s.) sürətli inkişafı şəraitində rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, onun dayanıqlığının təmin edilməsi və bütün iqtisadi sahələrdə rəqəmsal transformasiyanın geniş tətbiqi prinsiplərinə əsaslanır.

Coğrafi vəziyyətimiz texnoloji tranzitə keçiddə üstünlüyü təmin edir

Strategiya çərçivəsində iqtisadiyyatın inkişafı üçün rəqəmsal infrastrukturun müasirləşdirilməsi, yeni rəqəmsal bizneslərin inkişafının təşviqi, startap və innovasiya yönümlü ekosistemin dəstəklənməsi, iqtisadi qərarvermədə data əsaslı analitikanın tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və standartlaşdırmanın tətbiqi, həmçinin yaşıl və dayanıqlı rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib. Strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.

Azərbaycan neft-qaz, bağlantılar sahələrində böyük təcrübəsindən istifadə edərək beynəlxalq şirkətlərlə olan əlaqələrin səmtini indi yeni texnoloji cəmiyyət quruculuğuna yönəldir, sərmayə tərəfdaşlıqları qurur. Ötən 20 ildə 350 milyard dollardan çox sərmayə qoyuluşuna nail olan ölkəmiz həm yerli, həm xarici sərmayələrin qorunması ilə sağlam mühit formalaşdırıb və amil qeyri-neft investisiyaları üçün daha geniş zəmin yaradır. Müşavirədə bəyan edildiyi kimi bir çox ölkələrlə icra edilmiş  nəhəng layihələrin davamı indi bilik, bacarıq, texniki keyfiyyətlər sahələrini əhatə edir və geniş beynəlxalq əlaqələrin qurulması nəzərdə tutulur. Bu sərmayə əməkdaşlığı nəqliyyat, energetika dəhlizləri fonunda regional fiber-optik dəhlizlərin yaradılmasını təmin edir.

Eyni zamanda, ölkəmizin coğrafi vəziyyətinin əlverişliliyi də rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində töhfəverici rol oynayır. Ölkəmizin Asiya ilə Avropa arasında yerləşməyi, Şimal-Cənub dəhlizi üzərində qərar tutması və yaradılmış logistika infrastrukturu texnoloji tranzitə keçiddə üstünlüyü təmin edir.

“Yaşıl güclər” texnoloji inkişafın öncül sahəsinə çevrilir

Digər üstünlük ənənəvi enerjidən təmiz enerjiyə keçid üçün rerurslar zənginliyidir. Azərbaycan son illər ərzində aparılan işlər nəticəsində öz enerji generasiya gücünü böyük dərəcədə artıra bilib və 10 min meqavata bərabər gücə malikdir. Yeni dövrdə isə elektrik stansiyalarının hidro, günəş, külək və digər bərpapolunan enerjiyə əsaslanması nəzərdə tutulur. Yerləşdiyimiz bölgə zəngin alternativ enerji mənbələrinə malik olmaqla, generasiya gücümüzü artıracaq. Bu isə xarici tərəfdaşlarla “yaşıl enerji” kabellərinin çəkilişi üçün güclü motivasiyalar deməkdir. Məlumdur ki, Azərbaycan hökumətinin “yaşıl enerji” sektorunda həyata keçirdiyi strategiyanın əsas xətti yerli “yaşıl güclərin” istehsalı və emalına xarici investorların cəlb edilməsidir. Bu istiqamətdə müəyyən edilmiş siyasət öz uğurlu nəticələrini göstərməkdədir. Son 3 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. 

Regional layihələr kontekstində Azərbaycanın Xəzər dənizi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının şaxələndirilməsi və Türkiyə və Avropa bazarlarına nəqli istiqamətində marşrutların yaradılması istiqamətində həyata keçirdiyi layihələr mühüm yer tutur. Bu istiqamətdə ötən ilin diqqətçəkən hadisələrindən biri də Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktubun imzalanıb. Bu, Xəzər dənizi regionu ilə birləşdirəcək qlobal layihənin - “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin  3-4 il ərzində tamamlanmasını təmin edəcək.

E. Cəfərli

Chosen
124
1
yeniazerbaycan.com

2Sources