Telegram-ın qurucusu Pavel Durov, Rusiyada tətbiq olunan məhdudiyyətlər barədə açıqlama verib. Durov, Telegram kanalında yazdığı postda, Rusiyanın Telegram-ı məhdudlaşdırmasının arxasında vətəndaşları təqib etmək və siyasi senzura tətbiq etmək məqsədinin dayandığını bildirib.
Vətəninfo.az xəbər verir ki, o, Rusiya hökumətinin Telegram-ı dövlət tərəfindən idarə olunan tətbiqlərə keçməyə məcbur etmək üçün məhdudiyyətlər qoyduğunu vurğulayıb. Durov, bu strategiyanın əvvəllər İran tərəfindən tətbiq edildiyini və həmin dövrdə uğursuz olduğunu qeyd edib. Həmin vaxt İran hökuməti qadağalar qoysa da, əksər iranlılar senzura və məhdudiyyətləri aşaraq Telegram-dan istifadə etməyə davam ediblər.
Pavel Durov, vətəndaşların azadlıqlarının məhdudlaşdırılmasının düzgün qərar olmadığını bildirdi və Telegram-ın söz azadlığı və şəxsi həyatın toxunulmazlığını təmsil etdiyini vurğuladı. O, Telegram-ın heç bir təzyiqə boyun əyməyəcəyini və istifadəçilərinin azadlığını qorumağa davam edəcəyini qeyd edib.