AZ

WhatsApp Rusiyada tam bloklanır

WhatsApp şirkəti bəyan edib ki, Rusiya hakimiyyəti messencerin ölkə ərazisində tam bloklanmasına cəhd göstərib. Şirkət bu addımı istifadəçilərin “dövlət nəzarətində olan tətbiqə yönləndirilməsi cəhdi” kimi qiymətləndirib.

“İki sahil” xəbər verir ki,  Reuters agentliyinin şirkətə istinadla yaydığı açıqlamada bildirilir ki, WhatsApp istifadəçilərin əlaqədə qalması üçün mümkün olan bütün tədbirləri görməyə davam edəcək.

Bundan bir gün əvvəl WhatsApp messencerinin domen adı “suveren Runet” haqqında qanun çərçivəsində yaradılmış Milli Domen Adları Sistemi (NSDİ) reyestrindən silinib. Nəticədə istifadəçilərin cihazları xidmətin IP ünvanlarını əldə edə bilməyib və messencerə giriş yalnız VPN vasitəsilə mümkün olub.

Kreml isə öz növbəsində bəyan edib ki, Meta şirkəti Rusiya hakimiyyəti ilə dialoqa hazır olduğu təqdirdə messencerin fəaliyyətinin bərpası mümkündür.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Rusiya Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) Telegram və WhatsApp platformalarında səsli zəngləri bloklamışdı. Qurum bunu fırıldaqçıların və dələduzluq halları törədən şəxslərin messencerlərdən istifadə etməsi ilə əsaslandırmışdı.

Bu həftə isə Roskomnadzor Telegram-a qarşı məhdudiyyətləri daha da sərtləşdirib. “Kommersant” nəşrinin məlumatına görə, artıq xidmətin domeninə sorğuların emal müddəti iki dəfə artıb.

Seçilən
22
23
ikisahil.az

10Mənbələr