1996-cı ildə təsis olunan Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2026-cı ildə fəaliyyətinin 30 ili tamam olur. Bu barədə baki-xeber.com-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
1996-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda formalaşan paralimpiya hərəkatı ötən dövrdə ölkədə böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevin Azərbaycan idmanına, o cümlədən paralimpiya hərəkatına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində idmançılarımızın uğurları ildən-ilə artmaqdadır.
Paralimpiyaçılarımız 1996-2026-cı illər ərzində 9 dəfə Paralimpiya Oyunlarında iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal qazanıblar. Ümumilikdə isə idmançılarımız 27 Paralimpiya, 29 dünya və 55 Avropa çempionluğu əldə ediblər.
Komitə tərəfindən 30 illik yubiley münasibətilə il ərzində iradə, əzm və qətiyyətlə dolu fəaliyyəti əks etdirən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirlərin tarixləri barədə mediaya və ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin yeni loqosu, eləcə də 30 illik yubiley loqosu artıq ictimaiyyətə təqdim olunub.
İradə SARIYEVA