ain.az, Moderator.az portalına istinadən məlumat yayır.
İran hakimiyyəti xalq etirazlarını zorakılıqla yatırdıqdan və minlərlə vətəndaşın ölümü ilə nəticələnən hadisələrdən sonra ölkədə repressiyaların ikinci dalğasına start verib. Bu dəfə hədəfdə hakimiyyətin siyasəti ilə razılaşmayan, o cümlədən etirazçılara qarşı sərgilənən davranışı kəskin tənqid edən islahatçı siyasi qüvvələr və ictimai fəallar dayanırlar.
Oxu.Az bildirir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.
Bildirilir ki, Omanda ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra müharibə ehtimalının nisbətən azalmasını fürsət bilən rejim rəhbərliyi daxildə etirazçı kəsimi susdurmaq üçün hərəkətə keçib. Belə ki, fevralın 8-də axşam saatlarında islahatçı cərəyana mənsub bir neçə tanınmış siyasətçinin saxlanılması barədə məlumat yayılıb.
Məlumata əsasən, bir çox siyasi partiyanı öz ətrafında birləşdirən "İslahat Cəbhəsi"nin sədri Azər Mənsuri, həmin qurumun idarə heyətinin üzvü, keçmiş deputat İbrahim Əsğərzadə və sabiq diplomat Möhsün Əminzadə SEPAH-ın Kəşfiyyat Təşkilatı tərəfindən həbs ediliblər. İbrahim Əsğərzadənin saxlanılması isə onlayn konfrans zamanı, canlı efirdə həyata keçirilib.
Az sonra Tehran prokurorluğu saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamları mediaya açıqlayıb. Bildirilib ki, bu şəxslərin mənsub olduğu siyasi cərəyan yanvar ayında baş vermiş etirazlar zamanı törədilmiş "terrorçu hərəkətləri" bəraətləndirmək, ölkənin daxili təhlükəsizliyinə xələl gətirmək məqsədilə mediada, sosial şəbəkələrdə və "səhnə arxasında" geniş fəaliyyət göstərib. Həmçinin ABŞ və İsrailin təhdidləri fonunda ictimai-siyasi mühiti gərginləşdirmək, reallığa zidd məlumatlar yaymaqla milli birliyə zərər vurmaq və bununla da İsrail və ABŞ-nin maraqlarına xidmət etməkdə ittiham olunublar.
İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejei də həmin gün etdiyi çıxışda bu məqama toxunaraq bildirib:
"Daxildə İslam Respublikası əleyhinə bəyanatlar verən şəxslər İsrail və ABŞ ilə eyni mövqedən çıxış edirlər".
Bununla yanaşı, SEPAH-a bağlı Fars informasiya agentliyi saxlanılan siyasətçilərə qarşı irəli sürülən ittihamlar arasında "Konstitusiyaya qarşı çıxmaq və gizli çevriliş mexanizmləri yaratmaq" maddəsinin də yer aldığını bildirib. Bu isə sözügedən şəxslərin çevriliş cəhdində ittiham olunduğunu göstərir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.