EN

Müəllim nüfuzunu dramaya çevirmək cəmiyyətə fayda verməz - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Bu layihədən görünür ki, dövlət bu sahədə vahid və dəqiq yanaşma arzu edir. Bu mənada layihəni dəstəkləyirəm”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan uşaq hüquqlarından danışmağa haqqı çatan çox azsaylı beynəlxalq subyektlərdəndir. Konstitusiyanın 17-ci maddəsinin III hissəsində ifadə olunur ki, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir.

“Çoxşaxəli fəaliyyətinə diqqət etdikdə hörmətli Mehriban xanımın aidiyyəti istiqamətdə səyləri məhz bu konstitusion müddəanın praktik təcəssümüdür. Bütün bu amillər eyni zamanda bizə hüquq verir ki, dünyada uşaqlara münasibətdə baş alıb gedən, amma nədənsə siyasi dəb alətinə çevrilmiş zərərli tendensiyalara son qoyaq”, – deputat deyib.

B.Məhərrəmov bildirib ki, uşaq müstəqil fərddir və hüquqları heç bir formada istisna edilə bilməz, eyni zamanda vəzifələri də istisna edilməməlidir:

“Azərbaycan dəyərlər sistemində tarixən uğurlu müəllim–ailə münasibətləri modeli olub və uşağın tərbiyəsində təməl rol oynayıb. Bu sistem minlərlə ziyalını yetişdirib. Lakin sosial medianın imkanlarının genişlənməsi fonunda həmin sistem ciddi formada zədələnməkdədir. Azərbaycanda hər hansı müəllimin şagirdə irad tutması sosial mediada həmin müəllimin linç edilməsi üçün kifayətdir və bunun da təməlində hüquq adı altında dəbə çevrilmiş zərərli tendensiya dayanır. Nəticədə tərbiyə və təhsil arasında uçurum yaranır. Əslində uşaq hüquqları, daha dəqiq desək, uşağın mənafelərini təhdid edən əsas amil elə budur. Ümummilli lider deyirdi ki, "Müəllim adından yüksək ad tanımır." Bu yol xəritəsidir və biz niyə cəmiyyət olaraq təhsilə münasibətimizi bu nümunə üzərində qurmayaq? Bu mənada Azərbaycan mediasının uşaqların təhsili məsələsində bu qədər “obyektiv” olmasına ehtiyac yoxdur. Hər hansı müəllimin nöqsanı varsa belə, müəllim adını, təhsilin nüfuzunu qorumaq naminə bunu işıqlandırmaq kifayətdir; müəllimləri gülünc duruma düşürən, nüfuzdan salan materialların yayılmasına, uşağın gözündə müəllimin müsbət obrazını qırmağa ehtiyac yoxdur. Müəllim pozuntu törədibsə, istər inzibati, istərsə də məhkəmə qaydasında məsuliyyət məsələsini həll etmək çətin deyil. Amma hansısa neqativ nümunəni bütövlükdə müəllim nüfuzunu yerlə bir edəcək dramaya çevirmək bu cəmiyyətə fayda verməz. “Demokrat” görünməyə də lüzum yoxdur. Müəllim adı öz mənəvi çəkisini itirəcəksə, nəticədə itirən də cəmiyyət, itirən uşaqlarımız olacaq”, – deputat bildirib.

B.Məhərrəmov hesab edir ki, məsələyə konseptual yanaşsaq, hazırda müzakirəsi aparılan qanun layihəsi mümkün pərakəndəlik və sui-istifadə hallarını aradan qaldırır.

Tahirə Qafarlı

Chosen
138
50
hafta.az

10Sources