AZ

Müəllimə qarşı zorakılıq: Cəmiyyətin mənəvi sınma nöqtəsi və gələcək nəsillər üçün təhlükəli presedent

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Son günlər Bakıda fəaliyyət göstərən liseylərin birində şagirdin müəllimini silahla vurması faktı cəmiyyətdə dərin narahatlıq və ciddi suallar doğurmuşdur. Bu hadisə təkcə hüquqi müstəvidə deyil, həm də sosial, mənəvi və ideoloji baxımdan ciddi təhlil edilməlidir. Çünki burada söhbət sadəcə bir cinayət hadisəsindən yox, bütövlükdə cəmiyyətin müəllim obrazına münasibətində formalaşan təhlükəli tendensiyadan gedir.

Müəllim hər bir xalqın gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin daşıyıcısı, vətənpərvər, savadlı və məsuliyyətli nəsillərin yetişdirilməsində aparıcı rola malik olan əsas fiqurdur. Müəllimə qarşı zorakılıq isə cəmiyyətin öz gələcəyinə vurduğu ağır zərbədir.

Bu gün məktəblərdə müşahidə olunan əsas problemlərdən biri valideynlərin müəllimə qarşı laqeyd və bəzən aqressiv münasibətidir. Bir çox hallarda şagirdin davranışına görə məsuliyyət valideyn tərəfindən müəllimin üzərinə atılır. Müəllim şagirdə irad bildirdikdə, tərbiyəvi tövsiyə verdikdə, valideyn dərhal müdaxilə edir, bəzən isə müəllimi açıq şəkildə təzyiq və təhqir hədəfinə çevirir. Belə bir mühitdə müəllim tədricən hüquqsuzlaşdırılır, onun pedaqoji funksiyası iflic vəziyyətinə salınır. Nəticədə məktəb tərbiyə ocağından çox, nəzarətsiz bir məkana çevrilir. Müəllimin şagirdə “bir söz deyə bilməməsi” isə gələcək nəsillərin məsuliyyətsiz, intizamsız və aqressiv ruhda formalaşmasına zəmin yaradır. Bakıda baş verən son hadisə bu təhlükəli tendensiyanın artıq fiziki zorakılıq mərhələsinə keçdiyini göstərir. Bu isə cəmiyyət üçün son dərəcə ciddi xəbərdarlıq siqnalıdır.

Təəssüf doğuran məqamlardan biri də budur ki, cəmiyyətimizdə müəllim daim tənqid hədəfinə çevrilir, onun fəaliyyəti mikroskop altında axtarılır, ən kiçik nöqsan belə dərhal ictimailəşdirilir. Halbuki, müəllim də insandır, o da səhv edə bilər. Lakin bu səhvlər peşənin və bütövlükdə müəllim obrazının gözdən salınmasına xidmət etməməlidir. Bu gün sosial şəbəkələrdə müəllim nüfuzunu zədələyən kampaniyalar, məqsədli təhqirlər, manipulyativ videolar geniş yayılır. Bu prosesin arxasında bəzən şüurlu, bəzən isə düşünülməmiş davranışlar dayanır. Lakin nəticə dəyişmir. Müəllimin cəmiyyətdəki mövqeyi zəiflədilir, onun avtoriteti sarsıdılır.Bu isə təkcə müəllimə qarşı deyil, dövlətin gələcək inkişaf strategiyasına qarşı yönəlmiş təhlükəli yanaşmadır. Çünki təhsil zəifləyən yerdə dövlətin sabahı sual altına düşür.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müəllimlik peşəsinə daim yüksək qiymət vermiş, müəllimi cəmiyyətin ən ali siması hesab etmişdir. Onun məşhur kəlamı bu baxımdan fundamental ideoloji xətti ifadə edir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram”.

Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, insan şəxsiyyətinin formalaşmasında, vətəndaş mövqeyinin müəyyənləşməsində müəllimin rolu əvəzsizdir. Onun fikrincə, dövlətin gələcəyini qurmaq istəyən xalq ilk növbədə müəllimin nüfuzunu qorumalı, onun sosial statusunu daim yüksəltməlidir. Ulu Öndərin müəllimə olan bu dərin hörməti Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayaqlarından birinə çevrilmişdir. Cənab Prezident İlham Əliyev də müəllimlik peşəsinin cəmiyyətdə yüksək mövqedə dayanmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Onun çıxışlarında müəllimin cəmiyyət üçün daşıdığı strateji rol dəfələrlə vurğulanır. Dövlət başçısı qeyd edir ki, güclü dövlətin təməli güclü təhsildən, güclü təhsil isə nüfuzlu müəllimdən başlayır. Bu siyasət nəticəsində son illər Azərbaycanda müəllimlərin sosial təminatı gücləndirilmiş, əməkhaqları artırılmış, təhsil infrastrukturuna milyardlarla manat investisiya yönəldilmişdir. Lakin maddi dəstək qədər vacib olan mənəvi dəstək məsələsi də eyni həssaslıqla qorunmalıdır.

Müəllimə qarşı edilən hər bir hörmətsizlik, xüsusilə fiziki zorakılıq, gələcək nəsillər üçün təhlükəli presedent yaradır. Bu, uşaqların şüurunda “müəllimə hörmətsizlik normaldır” kimi yanlış düşüncə formalaşdırır. Belə bir mühitdə nə intizam, nə bilik, nə də sağlam vətəndaş tərbiyəsi mümkün ola bilər. Əgər bu gün müəllim sinifdə özünü güvənli hiss etmirsə, sabah məktəb artıq təhsil məkanı deyil, təhlükə zonasına çevrilə bilər. Bu isə milli təhlükəsizlik məsələsi səviyyəsində dəyərləndirilməlidir.

Müəllimi qorumaq gələcəyi qorumaqdır. Cəmiyyət anlamalıdır ki, müəllimə hörmət milli şüurun, dövlətçilik düşüncəsinin və vətəndaş məsuliyyətinin əsas göstəricisidir. Müəllimi alçaldan, ona qarşı zorakılığı normallaşdıran cəmiyyət öz gələcəyini məhv edir. Bu səbəbdən, müəllimin hüquqi və mənəvi müdafiəsi gücləndirilməli, məktəbdə müəllimin avtoriteti bərpa olunmalıdır. Valideyn-müəllim münasibətlərində sağlam dialoq formalaşdırılmalı və media və sosial şəbəkələrdə müəllim nüfuzunu sarsıdan kampaniyalara qarşı ictimai mövqe sərgilənməlidir.

Unutmayaq ki, müəllimi qorumaq, Azərbaycan dövlətinin sabahını qorumaqdır.

Nicat İsmayılov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
icma.az

1Mənbələr