EN

"Havaların tez-tez dəyişməsi insan sağlamlığına mənfi təsir göstərir" - HƏKİM DANIŞDI

"Son günlər havaların tez-tez və kəskin dəyişməsi insan orqanizmi üçün müəyyən stress faktoru yaradır. Temperaturun ani enib-qalxması, rütubətin artması, güclü külək və atmosfer təzyiqində baş verən dəyişikliklər xüsusilə həssas insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər".

Bu sözləri SİA -ya açıqlamasında həkim Fidan Həsənli bildirib.

Onun sözlərinə görə, belə hava şəraiti immun sisteminə təsir edir: "Orqanizm temperatur dəyişikliklərinə uyğunlaşmağa çalışarkən müdafiə mexanizmləri zəifləyə bilər və bu da soyuqdəymə, qrip, yuxarı tənəffüs yolu infeksiyaları kimi xəstəliklərin artmasına gətirib çıxarır. Xüsusilə uşaqlar, yaşlılar və immuniteti zəif olan şəxslər bu baxımdan daha risk qrupuna daxildir. Havanın dəyişkən olması ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün də risk yaradır. Atmosfer təzyiqinin dəyişməsi arterial təzyiqin oynaq olmasına, başgicəllənmə, halsızlıq, ürəkdöyünmə kimi şikayətlərin artmasına səbəb ola bilər. Hipertoniya və ürək xəstəliyi olan şəxslər bu dövrlərdə öz təzyiqlərini daha tez-tez nəzarətdə saxlamalıdırlar.

Bundan əlavə, rütubət və soyuğun artması oynaq və əzələ ağrılarını gücləndirə bilər. Revmatizm, artrit və osteoxondrozdan əziyyət çəkən insanlarda ağrı və hərəkət məhdudiyyəti daha çox hiss olunur. Hava dəyişiklikləri eyni zamanda meteohəssas insanlarda baş ağrısı, miqren tutmaları, yuxusuzluq, əsəbilik və ümumi yorğunluq hissini də artıra bilər. Belə hallarda qorunmaq üçün bir neçə profilaktik tədbirə əməl etmək vacibdir. İlk növbədə, hava şəraitinə uyğun geyinmək, xüsusilə külək və soyuqdan qorunmaq lazımdır. Orqanizmin temperatur balansını qorumaq üçün çox qatlı geyimlərdən istifadə etmək məsləhətdir. İmmuniteti gücləndirmək üçün balanslı qidalanmaq, kifayət qədər maye qəbul etmək, vitamin və minerallarla zəngin qidalara üstünlük vermək tövsiyə olunur.

Eyni zamanda, kifayət qədər yuxu, gündəlik fiziki aktivlik və açıq havada qısa gəzintilər orqanizmin adaptasiya qabiliyyətini artırır. Xroniki xəstəliyi olan şəxslər isə həkimin təyin etdiyi müalicə rejiminə ciddi əməl etməli, dərmanlarını vaxtında qəbul etməli və vəziyyətlərində dəyişiklik olarsa, mütləq mütəxəssisə müraciət etməlidirlər.

Unutmaq olmaz ki, hava şəraitinin dəyişməsi tamamilə qarşısı alınan faktor deyil, lakin düzgün həyat tərzi və profilaktik tədbirlər vasitəsilə onun orqanizmə mənfi təsirini minimuma endirmək mümkündür".

Müəllif: Ziya Hikmətoğlu
Chosen
32
1
sia.az

2Sources