EN

Zelenski: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər hazırdır...

Kiyev təhlükəsizlik, sülh və bərpa üçün alternativ görmür...

Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair sənədlər artıq tam hazır vəziyyətə gətirilib.

Poliqon xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında paylaşım edib.

Zelenski bildirib ki, təhlükəsizlik zəmanətləri Ukrayna üçün prinsipial əhəmiyyət daşıyır və bu məsələdə alternativ mövcud deyil.

“Təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər hazırdır. Təhlükəsizliyə alternativ yoxdur. Sülhə alternativ yoxdur. Dövlətimizin bərpasına alternativ yoxdur”, deyə Ukrayna lideri vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, Ukraynanın danışıqlar qrupu hər gün həmin sənədlər və təkliflər üzərində işləyir. Zelenski qeyd edib ki, bu materiallar qarşıdakı görüşlərdə real nəticə verə biləcək mexanizmləri ehtiva edir və tərəfdaşlarla müzakirələr üçün əsas baza rolunu oynayır.

Prezident xüsusilə tərəfdaş ölkələrin mövqeyinin vacibliyinə diqqət çəkib: “Əsas məsələ tərəfdaşların da Ukrayna kimi düşünməsidir. Sülh lazımdır və etibarlı təhlükəsizlik zəmanətləri sülhün yeganə real əsasını təşkil edir”, deyə Zelenski əlavə edib.

Ukrayna prezidenti həmçinin bildirib ki, fevralın 9-dan 15-dək olan həftə ərzində bir neçə mühüm beynəlxalq tədbir keçiriləcək və həmin platformalarda Ukraynanın mövqeyi yetərincə geniş şəkildə təqdim olunacaq. Onun sözlərinə görə, bu tədbirlər Kiyevin təhlükəsizlik zəmanətləri ilə bağlı baxışlarını beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Poliqon.info

Chosen
57
8
poliqon.info

10Sources