34 ildən çoxdur ki, onlara aid olan mənzillərdə keçmiş məcbur köçkünlər məskunlaşıb. İndi ev sahibləri mənzillərini geri almaqda çətinliklə üzləşiblər.
NOCOMMENT.az xəbər verir ki, söhbət Yeni Yasamal, 1-ci yaşayış massivi, bina13-ün sakinlərindən gedir.
Eyni problemlə üzləşən yeddi mənzilin sahibləri deyirlər ki, bu günə qədər keçmiş məcburi köçkünləri narahat etməyiblər, amma indi həmin şəxslərə ev təklif olunub, ona görə də evlərini geri qaytarmaq istəyirlər.
Çəkiliş komandamızla birlikdə sözügedən ünvanlara yollandıq. Kimisi qapını üzümüzə açmadı, kimisi də ev sahibini günahlandırdı.
Evlərdən birinin sahibi Ramil Bədirov deyir ki, 34 ildir məcburi köçkünlər onun evində, özü isə kirayələrdə yaşayır. İndi aldığı təqaüd isə kirayə puluna çatmır. Odur ki, öz evinə köçmək, orada yaşamaq istəyir.
Failə Alışovaya məxsus mənzildə isə Laçın rayonu, Minkənd kənd sakini Süsən Hüseynova məskunlaşıb. Yusibova Sevinc Mürsəl qızına məxsus mənzildə isə məskunlaşan Səfərovlar ailəsi onlara təklif edilən evin Biləsuvarda olduğunu deyir və ora getməktən imtina edirlər.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirdilər ki, həmin ünvanda məskunlaşan keçmiş məcburi köçkünlərin başqa vətəndaşa məxsus mənzilləri boşaltması haqqında məhkəmə qətnamələri mövcuddur və Komitəyə təqdim edilib. Qətnamələrin icrası ilə əlaqədar, mənzil sahiblərinin Dövlət Komitəsinə və digər aidiyyəti qurumlara müraciətlərini nəzərə alaraq məcburi köçkünlərə ailə tərkiblərinə uyğun olaraq, Biləsuvar, Goranboy, Ucar və Kürdəmir rayonlarında yerləşən qəsəblərədə boş mənzil fondundan yaşayış sahəsi təklif edilib. Lakin ailələr həmin mənzillərə köçməkdən imtina edib. Bu səbəbdən evin həqiqi sahiblərinin məhkəmə qərarının icrası ilə bağlı aidiyyəti quruma müraciət etməsi məqsədəuyğundur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.