EN

"Müəllim sinifdə olan hər bir uşağın psixoloji durumunu bilməlidir" - AÇIQLAMA

"Cəmiyyətdə müşahidə etdiyim odur ki, "İdrak" liseyində baş verən məsələyə əsasən birtərəfli yanaşılır. Ya valideyn laqeyd kimi göstərilir, ya müəllim aqressiv kimi təqdim olunur, ya da uşaq oxumayan, davranış pozuntusu olan və yaxud aqressiv biri kimi qiymətləndirilir. Halbuki bu cür situasiyanın yaranması bir nəfərin üzərində formalaşa bilməz, bu, mümkün deyil. Çünki əgər ortada problem varsa, burada bir neçə faktor mövcuddur və biz bu məsələyə çox diqqətlə yanaşmalıyıq".

Bu fikirləri "İdrak" liseyində 10-cu sinif şagirdinin riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələməsi hadisəsini Redaktor.az-a şərh edən psixoloq Vəfa Rəşidova bildirdi.

"Əgər söhbət yeniyetmə yaşında olan şagirddən gedirsə, bu, tamam başqa və daha həssas yanaşma tələb edir. Çünki yeniyetməlik dövrü, xüsusilə 10-cu sinif mərhələsi, hormonların dəyişdiyi, özünü hələ tam tapa bilməmiş bir insanın dövrüdür. Belə olan halda bizim baxış bucağımız da dəyişməlidir. Çünki yeniyetmə hələ tam formalaşmayıb, nəyin doğru, nəyin yanlış olduğunu da hər zaman dəqiq ayırd edə bilmir. Burada ətraf mühitin rolu da böyükdür, uşağın formalaşmasında, onun aqressiyasında və psixologiyasında ətraf mühit ciddi təsir göstərir. Eyni zamanda müəllimin yanaşmasını da nəzərdən qaçırmamalıyıq. Yeniyetmələrlə xüsusi yanaşma vacibdir. Bunu açıq şəkildə demək istəyirəm: yeniyetmələrə qarşı xüsusi dil, xüsusi metodlar tətbiq olunmalıdır ki, bu tip hallarla heç bir müəllim üzləşməsin. Çünki hər bir müəllim yalnız pedaqoq deyil, eyni zamanda psixopedaqoq olmalıdır. Müəllim sinifdə olan hər bir uşağın psixoloji durumunu bilməli, onların davranışlarını düzgün oxuya bilməlidir. Əgər hər hansı problem müşahidə olunursa, həmin şagird çağırılıb onunla söhbət aparılmalı, zərurət yaranarsa valideynlə əlaqə saxlanılmalıdır. Əgər münasibətlərdə münaqişə, aqressiya və ya davranış pozuntusu sezilirdisə, müəllim mütləq şəkildə valideynlə və ya şagirdin özü ilə ayrıca vaxt ayıraraq danışa bilərdi. Bütün müəllimlər yeniyetmələrin psixologiyasını bilməli və bu məsələlərə həssas yanaşmalıdırlar", - deyo o vurğuladı.

Müsahibimiz qeyd etdi ki, valideyn də eyni dərəcədə diqqətli olmalıdır:

"Əgər övladında hər hansı problem müşahidə edirsə, mütləq şəkildə mütəxəssisə, psixoloqa müraciət etməlidir. Mənim sözümün mahiyyəti ondan ibarətdir ki, bu situasiya zəncirvari şəkildə formalaşır. Valideyn, uşaq, müəllim və ətraf mühit bütün bunlar bir-biri ilə sıx bağlıdır. Burada bir tərəfi günahlandırmaq düzgün deyil. Bəli, müəllim daha diqqətli olmalı idi, ən azından valideynlə ünsiyyət qurmalı idi. Əgər bunu edə bilmirdisə, məsələni məktəb rəhbərliyinə və ya digər müəllimlərə çatdırmalı idi. Bu halda valideyn də vaxtında məlumatlandırılmış olardı və bəlkə də vəziyyət bu həddə çatmazdı. Növbəti mərhələdə valideynin övladını güvəndiyi bir psixoloqla görüşdürməsi vacib olardı. Təəssüf ki, bu proseslər gizli, yəni latent formada baş verib, açıqsözlülük olmayıb. Müəllim bəlkə də problemi daxilində saxlayıb, uşaq isə güvənib kimsə ilə paylaşmayıb. Halbuki bu vəziyyət vaxtında korrektə oluna bilərdi. Ətraf mühitin təsiri də burada mühüm rol oynayır. Mən bu məsələdə heç bir şəxsin üzərinə “bu səhvdir", "bu doğrudur” deyə qəti hökm verə bilmərəm. Burada kompleks, multidissiplinar yanaşma olmalı idi. Ən azından problem yaranan anda bu səsləndirilməli, müzakirə olunmalı idi. Əgər bunlar vaxtında edilsəydi, böyük ehtimalla bu cür hadisə ya ümumiyyətlə baş verməzdi, ya da daha yüngül formada özünü göstərərdi və həlli də daha asan olardı".

Nuriyyə NATİQQIZI

Chosen
29
50
redaktor.az

10Sources