
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. İclasda mühüm hüquqi sorğuların Plenumun icraatına qəbul edilməsi barədə qərarlar qəbul olunub.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılıb.
Müzakirələrin nəticəsi olaraq, sözügedən sorğunun Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Bu şərh maddənin tətbiqi zamanı yaranan hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılmasına xidmət edəcək.
Qeyd edək ki, sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun martın 2-nə təyin olunmuş iclasında baxılacaq. Həmin tarixdə maddənin hüquqi şərhi ilə bağlı yekun qərarın veriləcəyi gözlənilir.