EN

Rusiyadakı azərbaycanlılar daha pul qazana bilmirlər

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 2025-ci ildə 16,3% azalıb. 

RBK-nın araşdırmasına görə, Rusiyadan Azərbaycana pul köçürmə əməliyyatlarının həcmi ötən ilin yanvar-sentyabr ayları arasında azalaraq 343 milyon dollar təşkil edib. 2021-ci ildə köçürmələrin məbləği 623 milyon dollara çatın, lakin 2024-cü ilin yekununda bu rəqəm artıq 410 milyon dollara düşüb. 

RBK-nın hesabatında qeyd olunur ki, 2025-ci ildə Rusiyadakı fiziki şəxslərdən Azərbaycan, Qazaxıstan və Gürcüstan kimi qonşu ölkələrə pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə azalıb, ən kəskin azalma - təxminən 60%   Ermənistana köçürmələrdə müşahidə olunub. 

Bəzi ekspertlərin fikrincə, Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması mövsümi amillər, xaricə köçürmələr üçün daha sərt tənzimləmə tələbləri və daha sərt miqrasiya nəzarəti fonunda Rusiyadan Azərbaycan vətəndaşlarının axınının davam etməsi ilə əlaqədardır. 

Rəsmi statistikaya görə, 2025-ci ilin əvvəlində Rusiyada rəsmi qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşlarının sayı 331 min nəfər idisə, ilin sonuna qədər bu rəqəm 224 minə düşüb. Mövcud amillər fonunda pul köçürmələri azalmaqda davam edərsə, bu, hansı sahələrə daha çox təsir edəcək? 

Məsələ ilə bağlı millət vəkili Azər Allahverənov “Cebheinfo.az”-a bildirib ki, ölkələrarası miqrasiya proseslərində bir çox statistik göstəricilərə istinad edilir və xüsusilə də bu proseslərin xarakteri, həcmi, miqyası barədə danışarkən, hətta müəyyən proqnozları da verərkən həmin statistik göstəricilərə, indiqatorlara diqqət yetirilməsi mütləqdir: 

“Pul köçürmələri də həmin indikatorlardan biri kimi dəyərləndirilə bilər. Ona görə ki, adətən pul köçürmələrinin həcmi, bu və ya digər ölkədə çalışan əməkçi miqrantların sayına dəlalət edə biləcək bir fikir formalaşmasına gətirib çıxarır. 

Məsələn, 15 il bundan öncə rəsmi statistikaya görə, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının sayı təqribən 800 min nəfər idisə, həmin dönəmdə ölkəmizə banklar vasitəsilə pul köçürmələrin sayı 2 milyard civarında idi. Bir o qədər həcmdə də qeyri-bank yolları vasitəsilə köçürmələrin olduğu deyilirdi. 

Ancaq sonrakı mərhələdə Azərbaycandan olan əməkçi miqrantların sayı ilə yanaşı, pul köçürmələrdə də bu, özünü göstərdi. Bu rəqəm bank və qeyri-bank yollarla 1 milyard civarında oldu. 

Sonrakı mərhələdə əməkçi miqrantların sayında azalmalar, xüsusilə də son 2-3 ildə 500 min nəfərə yaxın miqrantların olması istər-istəməz Azərbaycana köçürülən vəsaitin də həcminin azalmasına gətirib çıxarıb”. 

Millət vəkilinin sözlərinə görə, ancaq burada say bir səbəb kimi göstərilə bilər: 

“Burada digər səbəblər də var. Xüsusilə də Rusiya-Ukrayna müharibəsində Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar bir çox sahələrdə icra olunan böyük layihələrin dayandırılmasına gətirib çıxardı. 

Bu da nəticə etibarilə iş yerlərinin itirilməsi ilə nəticələnib. İş yerlərinin itirilməsi də xüsusilə əməkçi miqrantlarla bağlı oldu. Məsələn, tikinti və inşaat sahəsində bir çox sahələrdə işin dayandırılması çox ciddi şəkildə bu sahədə çalışan əməkçi miqrantlara birbaşa olaraq toxunub. 

Bununla yanaşı, məsələn, kənd təsərrüfatı, meşə sənayesi, istehsalat sahəsində əməkçi miqrantın qüvvəsindən çox geniş istifadə olunurdu. Bu da bütövlükdə pul köçürmələrin azalması ilə nəticələndi. Azərbaycandan olan əməkçi miqrantların böyük bir qismi Rusiyada ticarət sahəsində əmək fəaliyyəti ilə məşğul olurlar. 

Ticarət sahəsi də sanksiyalardan irəli gələrək müəyyən mənada məhrumiyyətlərlə üz-üzə qala bilir. Ancaq bütövlükdə daha sabit bir iş şəraitinin yaradılması  mümkündür. Bu, ikinci səbəbdir”. 

Millət vəkilinin fikrincə, üçüncü səbəb də mütləq qeyd olunmalıdır ki, bu miqrantlara olan münasibətdir: 

“Bu da istər-istəməz əməkçi miqrantların iş yerlərini itirməsinə, onlara qarşı ayrı-seçkiliyə gətirib çıxarır,  qazandıqları vəsaitin azalmasına səbəb olur. Ümumiyyətlə, son zamanlar Rusiyada miqrasiya sahəsində tətbiq edilən bir sıra sərt qaydalar var ki, onlar bütövlükdə miqrantları bir çox prosedurlarla üz-üzə qoyur. 

Bununla qarşılaşan miqrantlar ən azından Rusiyada miqrasiya ilə bağlı  sərt və aqressiv mühitdə  səngimə gözləyirlər. Yalnız bundan sonra yenidən Rusiyaya qayıdıb, əmək fəaliyyəti ilə məşğul olmağı düşünürlər. Bütün bunlar pul köçürmələrinin azalmasına gətirib çıxarır. 

Problemlərə gəldikdə, Rusiyada miqrantlarla bağlı mövcud siyasət vaxtaşırı miqrasiya qaydalarının sərtləşdirilməsində özünü birüzə verir ki, bu yanaşma hələlik dəyişməyib. Zaman-zaman Dövlət Dumasında bu və ya digər siyasi partiya təmsilçiləri miqrantlarla bağlı qaydaların daha da sartləşdirilməsinə dair təkliflərlə çıxış edirlər. 

Əksər hallarda bu təkliflər Duma tərəfindən dəstəklənir və irəli sürülən qanun layihələrinin sonrakı dövrlərdə qəbul ediliyini görürük. Bu isə heç də miqrantların maraqlarına cavab vermir”. 

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, artıq 10 ildir Rusiyadan pul köçürmələrin azalması tedensiyası var:

“Rusiyada iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Valyutaya çıxış imkanları da məhdudlaşır. Rusiya ərazisində nağd valyuta almaq problemdir. 

Moskva və Peterburqda daha asandır, ancaq ümumilikdə rahat deyil. Qazanclar azalıb, inflyasiya yüksəkdir. Məsələn, əvvəllər 200 min rubl qazanan azərbaycanlı onun 100 min rublunu qənaət edib dollara çevirib göndərə bilirdisə, indi ev, kirayə haqqı qalxıb, inflyasiya yüksəkdir, ərzaq inflyasiyası 10 faizdir. 

Yəni Rusiyada yaşamağın özü bahalaşıb. Ona görə də Rusiyada yaşayan azərbaycanlıların gəlirləri azalıb. Gəlirlər azalanda faktiki olaraq Azərbaycana göndərilən vəsait də azalır. Ancaq bunun əvəzində hər il Türkiyədən, Avropadan, Amerikadan gələn vəsaitdə artım olur. Son 2-3 ildir belə bir tendensiya var idi. 

Sanki Rusiyanı artıq Avropa bazarı əvəz edir. Çünki azərbaycanlılar kütləvi şəkildə Almaniyaya, Polşaya, Fransaya da köçürlər. Bu ölkələrdə pul qazanan azərbaycanlılar artıq Azərbaycana da pul göndərməyə başlayırlar. 

Ancaq daha yaxşı olardı ki, Azərbaycanın özündə iqtisadi vaəziyyət daha yaxşı olsun və azərbaycanlılar öz ölkəmizdə pul qazansınlar”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

Rusiyadakı azərbaycanlılar Azər Allahverənov Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
cebheinfo.az

2Sources