İndiyə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 360-a yaxın şəxs "red" və "blue" team, yəni hücum və müdafiə üzrə təlimləri başa vurub, onların 86 %-i artıq müvafiq sahədə işlə təmin olunub.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Mərkəzin 6-cı məzun günü tədbirində bildirib.
O qeyd edib ki, 120 nəfər dövlət və özəl sektorda çalışan mütəxəssis ixtisasartırma proqramlarına qatılıb: "Bundan başqa, 53 qurumda kibermaarifləndirmə təlimləri təşkil olunub, 7 minə yaxın şəxs, o cümlədən 200-ə yaxın rəhbər şəxs kibergigiyena biliyini artırıb. Bu təlimlər də kibertəhlükəsizliyə yalnız texniki deyil, eyni zamanda idarəetmə və strateji səviyyədə yanaşmanın vacibliyini göstərir".
Nazir müavini qeyd edib ki, akademik istiqamətdə də mühüm addımlar atılıb: "Bu çərçivədə ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq əlaqələri qurulub: "Əməkdaşlığın əsas məqsədi ali və peşə təhsili müəssisələrində kibertəhlükəsizlik və əlaqəli sahələr üzrə tədris olunan fənlərin sillabuslarının beynəlxalq tələblərə uyğun şəkildə təkmilləşdirilməsi, tələbə və müəllim heyətinin qabaqcıl beynəlxalq bilik və təcrübələrlə təmin edilməsidir. Bu əməkdaşlıq çərçivəsində 5 ali təhsil müəssisəsində 7 fərqli fənn üzrə tədris həyata keçirilib, 3 kibertəhlükəsizlik məhsulunun hazırlanmasına dəstək göstərilib və 3 beynəlxalq yarışa hazırlıq proqramı uğurla icra olunub".
S.Məmmədov qeyd edib ki, həyata keçirilən bütün bu işlər "İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası"nın uğurla icrasına və hədəflərin reallaşdırılmasına xidmət edir.