EN

53 min insanın öldüyü "əsrin fəlakəti"ndən 3 il ötür... - FOTO

Türkiyədə əsrin fəlakəti kimi tarixə düşən Kahramanmaraş mərkəzli 7,8 və 7,5 bal gücündəki iki dağıdıcı zəlzələdən 3 il ötür. On minlərlə insanın həyatına son qoyan bu faciə yaddaşlarda silinməz iz buraxdı.

Milli.Az həmin gecəki hadisə barədə geniş məlumatı təqdim edir:  

2023-cü ilin 6 fevral gecəsi baş verən güclü yeraltı təkanlar Kahramanmaraş, Hatay, Adıyaman, Malatya, Qaziantep, Adana, Kilis, Osmaniye, Diyarbəkir, Şanlıurfa və Elazığ da daxil olmaqla 11 əyaləti yerlə-yeksan etdi. Rəsmi məlumatlara görə, 53 mindən çox insan həyatını itirdi, yüz minlərlə vətəndaş yaralandı.

Saat 04:17-də baş verən ilk zəlzələ milyonlarla insanı yuxuda yaxaladı. Cəmi 9 saat sonra isə mərkəzi Kahramanmaraşın Elbistan rayonu olan 7,6 bal gücündə ikinci zəlzələ baş verdi. Bu iki nəhəng təkan birlikdə 500 atom bombasına bərabər enerji yaratdı və 120 min kvadrat kilometr ərazidə dağıntılara səbəb oldu.

Zəlzələnin gücü o qədər böyük idi ki, bəzi bölgələrdə coğrafi relyef belə dəyişdi. Hatayda 400 metr uzunluğunda nəhəng yarıq yarandı, Qaziantepdə iki təpə birləşdi, Nurdağı rayonunun Gökçedere kəndi isə iki yerə bölündü. Kahramanmaraşın Çiğli kəndi 6,5 metr, Değirmenkaya kəndi isə 6 metr yerini dəyişdi.

Ümumilikdə 105 saniyə davam edən fəlakət nəticəsində təxminən 40 min bina tamamilə dağıldı, 200 mindən çox tikili isə ağır zərər gördü. Şəhərlər bir anın içində dağıntı sahələrinə çevrildi və dağıntılar altında qalan insanlar üçün zamana qarşı mübarizə başladı.

Axtarış-xilasetmə əməliyyatlarına AFAD, UMKE, Türk Silahlı Qüvvələri, polis, jandarma, mədənçilər, səhiyyə işçiləri və minlərlə könüllü cəlb edildi. Türkiyənin verdiyi 4-cü səviyyəli beynəlxalq yardım çağırışından sonra 90 ölkədən gələn xilasetmə qrupları ilə birlikdə 200 mindən çox personal zəlzələ bölgəsində fəaliyyət göstərdi.

Qeyd edək ki, həyatını itirənlər arasında 4 nəfər azərbaycanlı tələbə də olub.

Bu qaranlıq günlərdə möcüzələr də yaşandı...

1,5 yaşlı Sela, 6 aylıq Yiğit, İnci, Asya, Masal və 11-ci gündə dağıntılar altından sağ çıxarılan Aleyna Ölmez ümidin adı oldu.

Zəlzələdən sonra milyonlarla insan evsiz qaldı. Fəlakət qurbanları üçün 645 min çadır quruldu və bu çadırlar 2,5 milyon insanın müvəqqəti evi oldu. Daha sonra konteyner şəhərcikləri yaradıldı, 80 gün sonra isə zərərçəkən ailələrin bir qismi yeni tikilmiş kənd evlərinə köçürüldü.

Üç il keçsə də, Kahramanmaraş zəlzələsi təkcə dağıdılmış şəhərlərin deyil, yarımçıq qalan həyatların, səssiz çığırtıların və unudulmayan ağrıların simvolu olaraq yaddaşlarda qalmağa davam edir.

Fidan
Milli.Az

Polis radiosundan edilən anons və kamera görüntüləri:

Məqaləyə dair fotomateriallar:

Chosen
16
17
milli.az

10Sources