Göydəniz Qəhrəmanov: “Azərbaycan gəncləri azad, sabitlik olan və özünə güvənən bir ölkədə yaşayırlar”
“Azərbaycan tarixində gənclər siyasətinin sistemli və strateji əsaslar üzərində qurulması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və bu yanaşma təsadüfi xarakter daşımadı. Ümummilli Lider gəncliyi dövlətin bu günü və gələcəyi üçün həlledici sosial-siyasi qüvvə kimi dəyərləndirirdi. Ulu Öndərin hələ 1 fevral 1997-ci il tarixində imzaladığı Sərəncamla 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi gənclərə verilən yüksək dəyərin rəmzinə çevrildi. Bununla da Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü təsis edən ilk dövlət oldu. 1995-ci ildə Ulu Öndərin təşəbbüsü ilə gənclər forumlarının keçirilməsi ideyası irəli sürüldü və 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumları yeni bir siyasi ənənənin əsasını qoydu. Elə həmin il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikri gənclər üçün strateji yol xəritəsi rolunu oynadı. Vətənpərvərlik, azərbaycançılıq və milli məsuliyyət anlayışları gənclər siyasətinin ideoloji əsasına çevrildi və bu xətt gənc nəslin formalaşmasında əsas istiqamət oldu.”
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclərsiyasəti Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir:“Gənclərin potensialının reallaşdırılması, onların savadlı, vətənpərvər və peşəkar kadr kimi yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərin ictimai-siyasi və mədəni həyatda fəallığının əhəmiyyətli dərəcədə artmasına səbəb oldu, 2016-cı ildə Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsi isə Azərbaycan gəncliyinin beynəlxalq müstəvidə tanınmasına geniş imkanlar yaratdı. Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin tərəfindən təməlini qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən azərbaycançılıq ideologiyası, ölkəmizdə mühüm istiqamətlərindən biridir. Məhz bu ideologiyanın sayəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman gənclərimiz 44 günlük II Qarabağ Savaşında tarixi Qələbənin əsas təminatçılarına çevrildilər və adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Eyni zamanda, informasiya müharibəsinin ön cəbhəsində fəal mövqe tutan gənclərimiz sosial şəbəkələrdə milli maraqları qətiyyətlə müdafiə etdilər. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri artıq azad, sabitlik olan və özünə güvənən bir ölkədə yaşayırlar. Birmənalı olaraq bunu da demək lazımdır ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci ildə gənclər sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, düşərgələr, elmi konfranslar və maarifləndirici tədbirlər minlərlə gəncin milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri və Heydər Əliyev irsi əsasında formalaşmasına xidmət etdi. Bütün bunlar göstərir ki, bu gün Azərbaycan gəncliyi sabit, güclü və özünə güvənən dövlətin fəal dayağıdır və ölkəmizin uğurlu gələcəyinin əsas təminatçısı kimi çıxış edir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini başa çatdırıb.