EN

Maaşla bağlı qərardan sonra nə dəyişəcək? Azərbaycanda İLK

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, Azərbaycanda ildə azı bir dəfə minimum əməkhaqqının məbləğinə yenidən baxılacaq.

Bu dəyişikliklərin inflyasiya səviyyəsi və əmək məhsuldarlığı ilə uzlaşdırılması necə təmin ediləcək? Minimum əməkhaqqının hər il artırılması uzunmüddətli dövrdə dövlət büdcəsi və özəl sektor üçün hansı risklər və imkanlar yarada bilər?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, hər il minimum əməkhaqqının artması makroiqtisadi baxımdan Azərbaycan üçün sərfəlidir:

“Amma bunun praktiki əhəmiyyəti məhduddur. Məsələn, indi minimum əməkhaqqı 400 manatdır, lakin kim bu məbləğə işləyir ki? Burada ciddi bir problem var. Əgər minimum əməkhaqqı hər il artacaqsa, VÖEN-lə çalışan 700-800 min nəfərin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəyəcəyi vəsait də artacaq. Yəni minimum əməkhaqqı artanda avtomatik olaraq sosial müdafiə yükü də artır. Bu bağlantı qanunvericilikdən çıxarılmalıdır. Belə olan halda, minimum əməkhaqqının hər il artırılması əslində pozitiv bir addımdır”.

İqtisadçı Əkrəm Həsənov minimal əməkhaqqına vaxtaşırı baxıldığını bildirib:

“İldə bir dəfə nəzərdən keçirilir, inflyasiya nəzərə alınaraq maaşlar bir az artırılır. Amma problem odur ki, Azərbaycanda Avropa Xartiyası tətbiq olunmur. Buna əsasən, minimum əməkhaqqı ölkə üzrə orta əməkhaqqının ən azı 60 faizi olmalıdır. Son məlumatlara görə, ötən ilin sonunda Azərbaycanda orta əməkhaqqı təxminən 1000 manat idi. Onun 60 faizi isə 600 manatdır. Lakin bizdə minimum əməkhaqqı bundan aşağıdır. Yəni maaşları lazımi səviyyəyə qədər artırmaq lazımdır. Bu, ciddi bir məsələdir”.

Qeyd edək ki, buna qədər Azərbaycanda Əmək Məcəlləsində və ya digər qanunvericilik aktlarında minimum əməkhaqqının məbləğinə rəsmi olaraq ildən bir dəfə baxılması məcburiyyəti nəzərdə tutulmamışdı. Yeni dəyişiklik məhz bu boşluğu aradan qaldırmaq üçündür.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
34
3
globalinfo.az

4Sources