EN

BMU-da tələbələrin İT bacarıqları artırılır

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin peşəkar bacarıqlarının inkişafına yönəlmiş “BoostCamp 9.0” layihəsi üzrə təlimlər keçirilir. 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində informasiya texnologiyaları (İT) və elektronika ilə əlaqəli sahələrdə təhsil alan tələbələr sürətləndirilmiş təlim proqramına qoşularaq müxtəlif ixtisas sahələri üzrə intensiv praktiki dərslərdə iştirak edirlər. Təlimlər BoostCamp təcrübəsinə malik yuxarı kurs tələbələri və məzunlar tərəfindən aparılır. Ümumilikdə 7 qrup üzrə 14 sahəni (Robototexnika (beginner, advanced), Frontend UX/UI,  Backend (Java) və Android (Kotlin), Kibertəhlükəsizlik-Red Team, Blue Team, Maşın öyrənməsi+ AI və Data analitikası, Backend (C#) və Data strukturları, alqoritmlər, Gava devolopment və Game design-Gamepons) əhatə edən təlimlər zamanı mentorlar hər gün 2 saat olmaqla praktiki məşğələlər keçir, real layihə nümunələri üzərində işləyir və öz təcrübələrini iştirakçılarla bölüşürlər. 

Layihə müddətində tələbələr proqramlaşdırma, elektronika sistemləri, tətbiqi texnologiyalar və müasir İT alətləri üzrə tapşırıqlar yerinə yetirir, komanda işi və problem həlletmə bacarıqlarını inkişaf etdirirlər. BoostCamp çərçivəsində, həmçinin müxtəlif şirkətlərdə çalışan mütəxəssislərlə görüşlər, karyera yönümlü təqdimatlar və İT sahəsinin aktual mövzularına dair müzakirə sessiyaları da nəzərdə tutulub.  

BoostCamp hər il tələbələrin qış tətili müddətində keçirilir və sayca 9-cu olan bu layihə onların bilik, eləcə də bacarıqlarını artırmağa, peşəkar kadr kimi formalaşmalarına xidmət edir. Proqramın sonunda layihədə uğurla iştirak edən tələbələrə sertifikatlar təqdim olunacaq.

Chosen
6
3
azedu.az

4Sources