AZ

BMU da növbəti “BoostCamp” çərçivəsində təlimlər keçirilir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 fevral, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin peşəkar bacarıqlarının inkişafına yönəlmiş “BoostCamp 9.0” layihəsi üzrə təlimlər keçirilir.

BMU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində informasiya texnologiyaları və elektronika ilə əlaqəli sahələrdə təhsil alan tələbələr sürətləndirilmiş təlim proqramına qoşularaq müxtəlif ixtisas sahələri üzrə intensiv praktiki dərslərdə iştirak edirlər. Təlimlər “BoostCamp” təcrübəsinə malik yuxarı kurs tələbələri və məzunlar tərəfindən aparılır. Ümumilikdə 7 qrup üzrə 14 sahəni (Robototexnika (beginner, advanced), Frontend UX/UI, Backend (Java) və Android (Kotlin), Kibertəhlükəsizlik-Red Team, Blue Team, Maşın öyrənməsi+ AI və Data analitikası, Backend (C#) və Data strukturları, alqoritmlər, “Gava devolopment” və “Game design-Gamepons”) əhatə edən təlimlər zamanı mentorlar hər gün 2 saat olmaqla praktiki məşğələlər keçir, real layihə nümunələri üzərində işləyir və öz təcrübələrini iştirakçılarla bölüşürlər.

Layihə müddətində tələbələr proqramlaşdırma, elektronika sistemləri, tətbiqi texnologiyalar və müasir informasiya texnologiyaları alətləri üzrə tapşırıqları yerinə yetirir, komanda işi və problem həlletmə bacarıqlarını inkişaf etdirirlər. “BoostCamp” çərçivəsində, həmçinin müxtəlif şirkətlərdə çalışan mütəxəssislərlə görüşlər, karyera yönümlü təqdimatlar və informasiya texnologiyalarının aktual mövzularına dair müzakirə sessiyaları da nəzərdə tutulub.

“BoostCamp” hər il tələbələrin qış tətili müddətində keçirilir. Doqquzuncu dəfə reallaşdırılan bu layihə onların bilik, eləcə də bacarıqlarını artırmağa, peşəkar kadr kimi formalaşmalarına xidmət edir. Proqramın sonunda layihədə uğurla iştirak edən tələbələrə sertifikatlar təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
3
azertag.az

4Mənbələr