EN

Keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur - Deputat

Yazını böyüt
Yazını kiçilt

Məktəb qidalanması və uşaq sağlamlığına yönəlmiş proqramlar tətbiq olunmalıdır"

Son illər cəmiyyətdə yeni nəsildə boy artımının zəif olduğu, yeni nəsildə cılızlaşmanın getdiyi deyilir. Problem müxtəlif aspektlərdə təhlil olunur və çıxış yolları önə çəkilir. Yeni nəsil gənclərində boyun qısalığı nə ilə bağlıdır və problem nədədir?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Hafta.az-a bildirib ki, son illər Azərbaycanda uşaqların fiziki inkişaf göstəriciləri, xüsusilə boy artımı ilə bağlı səsləndirilən narahatlıqlar təsadüfi deyil.

Deputat müasir tibb elminə əsasən, uşağın boyunun yalnız genetik göstərici olmadığını, genetik potensialın nə dərəcədə reallaşması ilə bağlı olduğunu deyib:

“Uşaqlıq və yeniyetməlik dövründə qidalanma, həyat tərzi, hormonal balans, fiziki aktivlik və erkən profilaktik tədbirlərlə birbaşa bağlıdır. Yəni boy artımında müşahidə edilən geriləmə əslində, cəmiyyətin sağlamlıq, qidalanma və sosial mühit göstəricilərinin güzgüsüdür”.

R.Mahmudov qeyd edib ki, bu gün uşaqlar arasında boy artımının zəifləməsinin əsas səbəbləri sırasında keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur. Eyni zamanda bildirib ki, şəkərli içkilər, ultra-emal olunmuş məhsullar, fast-food mədəniyyəti kalorili, lakin bioloji dəyəri zəif qidalanma forması yaradır. Bu isə sümüklərin inkişafı üçün vacib olan zülal, kalsium, D vitamini, sink və digər mikroelementlərin xroniki çatışmazlığına gətirib çıxarır:

"Bunun üzərinə fiziki hərəkətsizliyi, ekran asılılığını, yuxu rejiminin pozulmasını və erkən yaşlarda vitamin-mineral profilaktikasının sistemli aparılmamasını əlavə etdikdə, problemin miqyası daha aydın görünür. Bəzən bu məsələnin həlli kimi məktəb ətrafında qida satışına inzibati məhdudiyyətlərin tətbiqi təklif olunur. Halbuki bu yanaşma təkbaşına problemin köklü həlli ola bilməz. Əsl və davamlı həll yolu uşaqlara hələ bağça yaşlarından etibarən sağlam qidalanma vərdişlərinin və qidanın bioloji dəyərinin nə olduğunu öyrətməkdən keçir. Uşaqlar anlamalıdırlar ki, şəkər əlavəli və süni qidalar tez doyma və ani enerji hissi yaratsa da, orqanizm üçün real fayda daşımır, əksinə, metabolik pozuntuların və xroniki xəstəliklərin əsasını qoyur. Erkən yaşda bu şüurun formalaşdırılması elə bir nəsil yetişdirə bilər ki, onlar təkcə öz sağlam seçimlərini etməsin, eyni zamanda sağlam qidalanmanı dərk etməkdə çətinlik çəkən böyüklər üçün də yolgöstərən mövqeyinə yüksəlsin".

R.Mahmudov məsələyə dünya təcrübəsi kontekstində yanaşıb.

“Dünya təcrübəsi göstərir ki, bu cür problemlər fərdi deyil, məhz dövlət siyasəti səviyyəsində həll olunur. Bir çox ölkələr uşaqların sağlam böyüməsini milli prioritet kimi qəbul edib. Türkiyədə məktəblərdə uzun illərdir dövlət tərəfindən süd paylanması proqramları həyata keçirilir, erkən yaş dövründə D vitamini və dəmir preparatları sistemli şəkildə verilir. Skandinaviya ölkələrində məktəb yeməkləri dietoloqlar tərəfindən hazırlanmış balanslı menyular əsasında təqdim olunur. Yaponiyada isə məktəb qidalanması sadəcə sosial layihə deyil, gələcək insan kapitalının qorunması strategiyasıdır.

Bu yanaşmaların hamısını birləşdirən əsas fikir ondan ibarətdir ki, uşağa qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Məktəblərdə uşaqlar üçün xüsusi menyuların hazırlanması yalnız sağlamlıq məsələsi deyil, bu, sosial bərabərliyin təmin edilməsi, regionlararası fərqlərin azaldılması və gələcək nəsillərin fiziki və intellektual potensialının qorunması deməkdir. Belə menyular yüksək keyfiyyətli zülalları, süd və süd məhsullarını, təbii tərəvəz və meyvələri, tam taxılları əhatə etməli, şəkərli və zərərli qidaların payı minimuma endirilməlidir.

Boy artımının əsasən qızlarda 16–17, oğlanlarda isə 18–19 yaşa qədər mümkün olduğu nəzərə alınarsa, məktəb və yeniyetmə dövrü həlledici mərhələdir. Bu dövrdə düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi yalnız boy göstəricilərini deyil, gələcəkdə ürək-damar xəstəliklərinin, metabolik pozuntuların və bir çox xroniki xəstəliklərin riskini də əhəmiyyətli dərəcədə azaldır”- deputat deyib.

R.Mahmudov əlavə edib ki, bəzən bu cür proqramlar dövlət üçün əlavə iqtisadi yük kimi təqdim olunur:

"Halbuki strateji və uzunmüddətli baxış göstərir ki, sağlam böyüyən uşaq gələcəkdə daha məhsuldar işçi qüvvəsi, daha az səhiyyə xərci və daha yüksək iqtisadi dəyər deməkdir. Sağlam insan daha çox yaradır, daha az itirir və cəmiyyətə daha böyük töhfə verir. Bu baxımdan məktəb qidalanması və uşaq sağlamlığına yönəlmiş proqramlar xərc deyil, ölkənin iqtisadi və sosial dayanıqlılığına edilən ağıllı investisiyadır".

Tahirə Qafarlı

Chosen
11
2
hafta.az

10Sources