Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Uşaqların doğulduğu gündən 18 yaşına qədər fiziki və psixoloji inkişafının izlənilməsi pediatriyada olduqca vacibdir. Bu məqsədlə uşaqlarda mütəmadi olaraq boy, çəki, baş çevrəsi və döş qəfəsinin çevrəsi ölçülür. Aparılan bu ölçmələr vasitəsilə uşağın inkişafının yaşına uyğun olub-olmaması qiymətləndirilir, genetik boy qısalığı ilə patoloji səbəblərdən yaranan boy geriliyi bir-birindən ayırd edilir". Bu sözləri SİA-ya açıqlamasında pediatr Aytən Ziyadova deyib.
Onun sözlərinə görə, uşaqların böyümə və inkişaf göstəriciləri yaş dövrlərinə görə fərqlənir:
"Məsələn, sağlam yeni doğulmuş körpənin boyu orta hesabla 50 sm olur, 1 yaşında təxminən 75 sm-ə, 4 yaşında isə 100 sm-ə çatır. Sonrakı yaş dövrlərində də artım müəyyən fizioloji normativlərə uyğun davam edir. Lakin bəzi hallarda müxtəlif səbəblərdən — xroniki xəstəliklər, hormonal pozğunluqlar, qidalanma çatışmazlığı və fiziki passivlik nəticəsində uşaqlarda boy geriliyi müşahidə oluna bilər. Xüsusilə boy hormonunun defisiti ilə əlaqəli inkişaf gerilikləri pediatrik endokrinologiyada mühüm yer tutur. Belə hallarda erkən diaqnostika və vaxtında müalicə uşağın gələcək inkişafı üçün həlledici rol oynayır. Valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının qidalanma rejiminə, yuxu saatlarına və fiziki aktivliyinə xüsusi diqqət yetirsinlər.
Qidalanma uşağın inkişafında əsas və təməl faktorlardan biridir. Çünki bağırsaq sistemi orqanizmin əsas “mərkəzi” hesab olunur: immun sisteminin formalaşması və ümumi inkişaf məhz buradan başlayır. Bu, istər körpəlik dövründə, istərsə də məktəb və yeniyetməlik yaşlarında eyni dərəcədə önəmlidir. Əgər uşaq üç il ərzində yaşıdlarından geri qalır və inkişaf dinamikası müşahidə olunmursa, bu artıq ciddi boy geriliyinin göstəricisi ola bilər və mütləq həkim müayinəsi tələb edir.
Məktəb və bağça yaş dövründə qidalanma xüsusilə nəzarətdə saxlanılmalıdır. Təəssüf ki, yeniyetməlik dövründə uşaqlar sağlam qidalanmaya kifayət qədər önəm vermir, fast-food, qazlı və energetik içkilərə üstünlük verirlər. Bu isə bağırsaq florasının pozulmasına, sorulma problemlərinə və nəticə etibarilə inkişaf geriliklərinə səbəb olur. Sağlam olmayan orqanizmdən sağlam inkişaf gözləmək mümkün deyil.
Ailə süfrəsi hər zaman balanslı olmalı, zülal, yağ və karbohidratlar düzgün nisbətdə təmin edilməlidir. Uşaqlar müayinə edilərkən onların gündəlik qida rasionu mütləq sorğulanmalı, mövcud çatışmazlıqlar aradan qaldırılmalıdır. Xüsusilə dəmir elementi üzərində dayanmaq istərdim. Dəmir çatışmazlığı olan uşaqlarda tez-tez anemiya müşahidə edilir ki, bu da həm fiziki, həm də zehni inkişafı ləngidir.
Sevindirici haldır ki, bir çox bağçalarda qida menyusu əvvəlcədən tərtib edilir və valideynlərə təqdim olunur. Bu, nəzarətin gücləndirilməsi baxımından olduqca müsbət addımdır. Lakin məktəblərdə satılan qızardılmış, yağlı, fast-food məhsulların, qazlı içkilərin və energetik içkilərin istifadəsi məhdudlaşdırılmalı, hətta tamamilə aradan qaldırılmalıdır. Onların əvəzinə tərəvəz, meyvə və protein ağırlıqlı qidalara üstünlük verilməlidir.
Bundan əlavə, uşaqların ağız sağlamlığı və ağız gigiyenası da ümumi sağlamlığın ayrılmaz hissəsidir. Ağız boşluğu birbaşa orqanizmə təsir göstərir və mikrobların yayılmasında mühüm rol oynayır. Dişlərin müntəzəm təmizlənməsi, dil gigiyenası və ağız baxımı valideynlərin daim diqqət mərkəzində olmalıdır. Nəticə olaraq, uşaqların sağlam inkişafı üçün müntəzəm tibbi nəzarət, balanslı qidalanma, fiziki aktivlik, düzgün ailə tərbiyəsi və ağız gigiyenası bir-biri ilə sıx əlaqəli və ayrılmaz faktorlardır. Bu sahələrə vaxtında və düzgün yanaşma uşaqların sağlam gələcəyinin əsasını təşkil edir".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.