Ana Vətən Partiyasının yeni seçilmiş sədri, Milli Məclisin üzvü Günay Ağamalı bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşü keçirilib.
Günay Ağamalı APA-ya açıqlamasında bildirib ki, Prezident Administrasiyasında keçirilmiş görüş zamanı Şöbə müdiri onu partiyanın sədri seçilməsi münasibətilə təbrik etdi, habelə bilavasitə dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu sayəsində təşviq olunan sağlam əməkdaşlıq mühiti çərçivəsində görülmüş işlərinin əhəmiyyəti haqqında fikirlərini səsləndirib.
Görüş çərçivəsində Ana Vətən Partiyasının təkrar dövlət qeydiyyatına alınması, partiyanın fəaliyyəti, ideoloji prioritetləri, məsuliyyətli gənclərin aktiv siyasi fəaliyyətə cəlb olunması və digər bu kimi məsələlər haqqında söhbət açılıb. Günay Ağamalı sədrlik etdiyi partiyanın milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını vurğulamış və Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması prosesində daha aktiv şəkildə fəaliyyət göstərəcəyini bildirib.